İQTİSADİYYAT
“Cənub” Elektrik Stansiyasında təmir işləri aparılır
Bakı, 1 may, AZƏRTAC
Hazırda “Cənub” Elektrik Stansiyasında sudurulducu hovuz və dövran nasosları təmir edilir ki, bu da su sızmasının qarşısını almaqla etibarlılığın artırılmasına xidmət edəcək. Yaxın günlərdə isə 110 kilovoltluq qapalı paylayıcı qurğuda bərpa işlərinə başlanılacaq.
“Azərenerji” ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Mingəçevir şəhərində yerləşən “Azərbaycan” İstilik Elektrik Stansiyasında ötən ilin iyul ayının 3-də baş verən qəza və bunun nəticəsində enerji sisteminin çökməsi, Şirvan şəhərində yerləşən ölkənin ikinci böyük elektrik stansiyası olan “Cənub” Elektrik Stansiyasındakı 2 ədəd 330 kilovoltluq avtotransformatordan birinin sıradan çıxmasına səbəb olub. Həmin sıradan çıxan, gərginliyi 330, 220 və 6 kilovolta çevirən avtotransformator yerli ATEF Transformator Zavodunda təmir edilərək “Cənub” Elektrik Stansiyasındakı yerinə quraşdırılıb. Nəticədə, 330 və 220 kilovoltluq şəbəkənin etibarlılığı artırılıb, həmçinin xüsusi sərfiyyatda gərginliyin səviyyəsi 6 kilovoltdan 6,3 kilovolta qaldırılıb. Bu isə xüsusi sərfiyyat mühərriklərinin işəsalma rejimini yüngülləşdirib və ehtiyat bəsləmə sisteminin etibarlılığını artırıb.
Eyni zamanda, hazırda “Cənub” Elektrik Stansiyasına Hacıqabul rayonunda yerləşən qaz paylayıcı stansiyadan 25 kilometr məsafədə yeni qaz xətti çəkilir. Yeni xətt çəkiləndən sonra qaz kompressorları sistemdən çıxarılacaq və onun işləməsinə sərf edilən aylıq 7 milyon kilovat/saat elektrik enerjisinə qənaət edilərək həmin 7 milyon kilovat/saat elektrik enerji yükü ümumi sistemə ötürüləcək.
Paralel olaraq hazırda “Cənub” Elektrik Stansiyasından “Xırdalan” yarımstansiyasına 108 kilometr məsafədə 220 kilovoltluq yüksək gərginlikli yeni elektrik veriliş xətti çəkilir və işlər yekunlaşmaq üzrədir.
Qeyd edək ki, “Azərenerji”nin ötən ilin payızından sonra “Reabilitasiya Proqramı” çərçivəsində “Cənub” Elektrik Stansiyasının qazanlarında, turbinlərində və başqa avadanlıqlarda həyata keçirdiyi təmir sazlama işləri nəticəsində stansiyanın gücü 520 meqavatdan 720 meqavata qaldırılıb və bununla da 200 meqavat itirilmiş güc bərpa olunub.