Cənubi Afrika Respublikasında Xocalı soyqırımına həsr olunmuş tədbir və sərgi keçirilib
Bakı, 25 fevral, AZƏRTAC
Azərbaycan Respublikasının Cənubi Afrika Respublikasındakı (CAR) səfirliyində Xocalı soyqırımının 33-cü ildönümünə həsr olunan tədbir keçirilib və sərgi təşkil olunub.
Azərbaycanın CAR-dakı səfirliyindən AZƏRTAC-a bildirilib ki, tədbirdə əvvəlcə Xocalı faciəsi qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Anım mərasimində çıxış edən Azərbaycanın CAR-dakı müvəqqəti işlər vəkili Hüseyn Rəhimli erməni işğalçıları tərəfindən törədilən Xocalı soyqırımının bəşəriyyət tarixində qara ləkələrdən biri olduğunu iştirakçıların diqqətinə çatdıraraq, bununla erməni millətçilərinin öz vəhşi simalarını bir daha nümayiş etdirdiklərini, törədilən faciənin təkcə azərbaycanlılara qarşı deyil, bütün bəşəriyyətə yönəlmiş qanlı cinayət olduğunu dilə gətirib.
Xocalıya hücum zamanı çox sayda uşaq, qadın və qocanın erməni quldur dəstələri tərəfindən xüsusi amansızlıqla qətlə yetirildiyi barədə məlumat verən H.Rəhimli bu hadisələrin ermənilərin Azərbaycan xalqına qarşı həyata keçirdiyi etnik təmizləmə və soyqırımı siyasətinin nümunəsi olduğunu söyləyib.
“Xocalı soyqırımına ilk siyasi-hüquqi qiymət Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən verilib və 26 fevral tarixi Xocalı Soyqırımı Günü kimi elan olunub. Ulu Öndərin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin apardığı nümunəvi daxili və xarici siyasət nəticəsində dünyanın bir çox ölkələrində Ermənistan işğalçı dövlət, Xocalı faciəsi isə soyqırımı kimi tanınıb. Bu gün Xocalı faciəsi ilə bağlı həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması, bu soyqırımına qiymət verilməsi istiqamətində davamlı səylər göstərilir. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlayan “Xocalıya ədalət!” beynəlxalq informasiya və təbliğat kampaniyası bu istiqamətdə böyük uğur qazanıb. Bir çox dövlət və ya parlament Xocalıda baş verən qanlı cinayəti pisləyib və faciənin bütün bəşəriyyətə qarşı həyata keçirilən soyqırımı aktı olduğunu vurğulayıb. Əminik ki, insanlığa qarşı törədilmiş vəhşiliyin günahkarları gec-tez öz cəzalarını alacaqlar”, - deyə o vurğulayıb.
Sonra tədbir iştirakçıları səfirlikdə Xocalı soyqırımına həsr edilən fotosərgi ilə, eyni zamanda, ermənilərin törətdikləri vəhşilikləri əks etdirən materiallar və kitablarla tanış olublar.