DÜNYA
CƏNUBİ KOREYA XƏZƏR LAYİHƏSİNDƏ İŞTİRAK EDƏCƏKDİR
Qazaxıstan Prezidenti Nursultan Nazarbayevlə görüşdən sonra Cənubi Koreya Respublikasının kommersiya, sənaye və energetika naziri Li Xi Bom jurnalistlərə bildirmişdir ki, Koreya neft korporasiyası və “Qaz Munay Qaz” şirkəti Xəzər dənizindəki neft yataqlarının işlənilməsi sahəsində əməkdaşlıq haqqında memorandum imzalayacaqlar. Nazir yataqların adı, əməkdaşlığın forması və sərmayələrin məbləği haqqında məlumat verməmişdir. O demişdir ki, Cənubi Koreyanın təbii ehtiyatlar korporasiyası Qazaxıstan Geologiya və Yer təkinin Qorunması Komitəsi ilə əməkdaşlıq haqqında saziş də bağlayacaq. Onun sözlərinə görə, Koreya on il ərzində Qazaxıstan iqtisadiyyatına 1,6 milyard dollar sərmayə qoymuşdur və indi ölkədə Koreya kapitalının iştirakı ilə 180 şirkət fəaliyyət göstərir.