“CƏSURLAR” HƏRBİ-İDMAN VƏ TURİZM OYUNLARININ MÜKAFATÇILARI MƏLUMDUR
Əvvəlcə, Azərbaycan Respublikasının Dövlət himni səsləndirilmişdir. Yarışların təntənəli açılış mərasimində gənclər və idman nazirinin müavini İntiqam Babayev, təhsil nazirinin müavini Elmar Qasımov, hərbi liseyin rəisi general-mayor Mirzə Almasov, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Respublika Şurası sədrinin müavini Əlövsət Baxışov çıxış edərək, ölkəmizin bütün ümumtəhsil orta məktəblərinin 7-8-ci sinif şagirdləri arasında 1998-ci ildən keçirilən “Cəsurlar” hərbi-idman və turizm oyunlarının əhəmiyyətindən, gənclərin vətənpərvərlik ruhunda yetişməsində bunun daha önəmli olmasından danışmışlar.
Bildirmişlər ki, xalqımızın ümummilli lideri, dahi şəxsiyyət Heydər Əliyevin gənclərin sağlam, vətənpərvər ruhda tərbiyəsinə, işğal altında olan torpaqlarımızın geri alınmasında onların yüksək əzmkarlıq nümayiş etdirməyə hazır olmasına yönəldilmiş dövlət siyasəti hazırda ölkəmizin başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bütün bunların həyata keçirilməsindən əsas məqsəd müstəqilliyimizi qoruyub saxlamaq və ərazi bütövlüyümüzü təmin etməkdir.
Təhsil, Müdafiə, Gənclər və İdman nazirliklərinin birgə təşkilatçılığı ilə keçirilən bu yarışların final mərhələsinə 19 rayon komandası vəsiqə qazanmışdır. Məktəbdaxili seçmə yarışlardan, rayon (şəhər) birinciliklərindən sonra 9 regionda keçirilmiş zona yarışlarında ilk üç yeri tutan komandalar finalda iştirak etmək hüququ əldə etmişlər.
Bu mərhələdə komandalar sıra hazırlığı, kəndirlə “təhlükəli zolağı” qət etmək, sürünməklə maneəni dəf etmək, istehkamdan hədəfə qumbara atmaq, “zəhərli zona”nı dəf etmək və digər mərhələlər üzrə öz bacarıqlarını nümayiş etdirmişlər. Xətai rayon komandası birinci, Naxçıvan şəhərinin məktəbliləri ikinci, Zaqatala təmsilçiləri üçüncü yer tutmuşlar. Komandalara diplom və qiymətli hədiyyələr təqdim olunmuşdur.
Xatırladaq ki, mayın ortalarında 9-10-cu sinif şagirdləri arasında “Şahinlər” hərbi-idman və turizm oyunlarının respublika final mərhələsi olacaqdır.