SİYASƏT
Ceyhun Bayramov COP29-da yüksəksəviyyəli dialoqda dağların biomüxtəliflik baxımından əhəmiyyətindən bəhs edib
Bakı, 13 noyabr, AZƏRTAC
Noyabrın 13-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov COP29-un Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti çərçivəsində təşkil olunan “Dağlar üzrə gündəliyin irəlilədilməsi, ümumi trend və iqlim dəyişikliyi” mövzusunda yüksəksəviyyəli dialoqda çıxış edib.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildirilib ki, yüksəksəviyyəli tədbirdə, həmçinin Qırğız Respublikasının Prezidenti Sadır Japarov, Monqolustanın Prezidenti Uxnaaqiyn Xurelsux, Nepal Prezidenti Ramçandra Paudel, habelə digər yüksəksəviyyəli rəsmilər iştirak ediblər.
Tədbirdə çıxışı zamanı C.Bayramov dağların Yer kürəsində bir çox insanın evi rolu oynaması ilə yanaşı, onların təmin etdiyi təbii ehtiyatların, o cümlədən su resurslarının vacibliyi, habelə ekosistem və biomüxtəliflik baxımından əhəmiyyətindən bəhs edib.
Dağlarda buzlaqların əriməsi, bunun nəticəsində yaranan daşqın və torpaq sürüşmələri kimi fəlakətlərin bu istiqamətdə sistematik tədbirlərin görülməsini şərtləndirdiyi diqqətə çatdırılıb.
BMT-nin könüllü alyansı olan “Dağ Tərəfdaşlığı” kimi şəbəkələrin müvafiq çağırışlar üzrə məlumatlılığın artırılması, resursların səfərbərliyi baxımından əhəmiyyəti qeyd olunub. Bununla belə, dağlarda yaşayan insanlar və dağ ekosistemini qorumaq üçün daha çox işlərin görülməsinin, həll yolları istiqamətində əməkdaşlığın möhkəmləndirilməsinin əhəmiyyəti vurğulanıb.
Azərbaycanın COP29 sədrliyinin, o cümlədən dağ ekosistemi ilə bağlı iqlim problemlərinin yerli icmalara münasibətdə spesifik və hədəfyönümlü iqlim planlarına ehtiyac duyduğuna diqqət çəkdiyi qeyd olunub.