Çağırışçılar hərbi xidmətə yola düşmələrindən qürur duyurlar
Bakı, 4 aprel, AZƏRTAC
Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamına əsasən, 2019-cu il aprelin 1-dən gənclər həqiqi hərbi xidmətə yola düşürlər.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən AZƏRTAC-a bildiriblər ki, 2001-ci ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1984-2000-ci illərdə doğulmuş, yaşı 35-dək olan, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməmiş Azərbaycan Respublikası vətəndaşları 2019-cu il aprelin 1-dən 30-dək Vətənin müdafiəsi kimi şərəfli borclarını yerinə yetirmək üçün müddətli həqiqi hərbi xidmətə yola düşürlər.
Sərəncamın icrası çərçivəsində respublikamızın şəhər və rayonlarında təntənəli yolasalma tədbirləri davam edir. Gənclər Aprel zəfərinin ildönümü günlərində həqiqi hərbi xidmətə yola düşməkdən qürur duyurlar.
Növbəti belə yolasalma mərasimi Ağdam və Beyləqan rayonlarında təşkil olunub. Ağdam rayonunda keçirilən yolasalma tədbirində rayon icra hakimiyyətinin başçısı Vaqif Həsənov çıxış edərək Vətəni göz bəbəyi kimi qorumağın müqəddəs və məsuliyyətli vəzifə olduğunu çağırışçıların diqqətinə çatdırıb, onlara şərəflə xidmət etməyi arzulayıb. Gənclərin şəxsiyyət kimi formalaşmasında hərbi xidmətin əhəmiyyətindən söz açılıb.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdam rayon şöbəsinin rəisi, mayor Elxan Feyziyev ulu öndər Heydər Əliyevin əsasını qoyduğu ordu quruculuğunun Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirildiyini vurğulayıb. O, Silahlı Qüvvələrimizin işğal altındakı torpaqlarımızı hər an azad edə biləcəyini, bunun üçün hərbi qüdrətə və ən müasir silahlara malik olduğunu diqqətə çatdırıb. Çağırışçılara bu silahlardan bacarıqla istifadə etmək üçün verilən təlimatları diqqətlə öyrənməyi və zabitlərin tapşırıqlarını vaxtında yerinə yetirməyin vacibliyi diqqətə çatdırılıb.
Beyləqan rayonunun gəncləri də Vətənin keşiyində dayanmaq kimi şərəfli borcu yerinə yetirmək üçün həqiqi hərbi xidmətə yüksək əhval-ruhiyyə ilə yollanırlar.
Beyləqanda keçirilən yolasalma mərasimində çıxış edən rayon icra hakimiyyətinin başçısı Asif Ağayev gəncləri hərbi xidmətə yola düşmələri münasibətilə təbrik edib. A.Ağayev ölkəmizdə ordu quruculuğu sahəsində qazanılan uğurlardan danışıb, çağırışçılara Vətənin layiqli əsgəri olmağı, torpaqlarımızın keşiyində ayıq-sayıq dayanmağı tövsiyə edib.
Tədbirdə Xidmətin Beyləqan rayon şöbəsinin rəisi, polkovnik-leytenant Əlisəfa Məmmədov həqiqi hərbi xidmətə yola düşən gənclərə xoş arzularını bildirib. Qeyd edib ki, ölkəmizin hərbi qüdrətinin yüksəlməsi Silahlı Qüvvələrimizin işğal altında olan torpaqlarımızı istənilən anda azad etməsinə imkan verir. Eyni zamanda, hərbi hissələrdəki müasir şərait, şəxsi heyətin mənəvi-psixoloji hazırlığına göstərilən diqqət çağırışçı gənclərdə də böyük ruh yüksəkliyi yaradır.
Valideynlər çıxışlarında övladlarının hərbi xidmətə yola düşmələrindən böyük qürur hissi keçirdiklərini deyiblər.
Yolasalma mərasimlərində iştirak edən veteranlar, ağsaqqallar Vətəni göz bəbəyi tək qorumağın müqəddəs və məsuliyyətli vəzifə olduğunu çağırışçıların diqqətinə çatdıraraq onlara şərəflə xidmət etməyi arzulayıblar.
Çağırışçılar Vətənə şərəflə xidmət edəcəklərinə söz veriblər.
Konsert proqramı ilə davam edən tədbirlərin sonunda çağırışçı gənclər dövlət bayrağımızı öpərək həqiqi hərbi xidmətə yola salınıblar.