Çarlz Universitetində “Azadlığa gedən yol: Azərbaycan, Litva” adlı sərgi açılıb
Praqa, 22 yanvar, AZƏRTAC
Praqada fəaliyyət göstərən Çarlz Universitetində “Azadlığa gedən yol: Azərbaycan, Litva” adlı fotosərgi açılıb. Yanvarın 20-dən fevralın 2-dək davam edəcək sərgi Azərbaycan Tələbə Şəbəkəsi və universitetin fəlsəfə fakültəsi tərəfindən təşkil olunub.
Sərgidə Bakıda 1990-cı il 20 Yanvar, Vilnüsdə 1991-ci il 13 yanvar hadisələrinin əks olunduğu otuzdan artıq foto yer alıb.
Tədbirdə Çexiyada akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, Çarlz Universitetinin professorları və Praqada təhsil alan Azərbaycan, gürcü və çex tələbələr iştirak ediblər.
Çarlz Universitetinin fəlsəfə fakültəsinin xarici əlaqələr departamentinin rəhbəri Daniel Soukup deyib ki, belə sərgilərin təşkili çex xalqının dünyanın başqa hissələrində sovet boyunduruğu əleyhinə baş qaldırmış hərəkatlar barədə məlumatlandırılmasında mühüm rol oynayır.
Azərbaycanın Çexiyadakı səfiri Fərid Şəfiyev Bakıda törədilmiş və sovet əsgərləri tərəfindən 140-dan artıq insanın öldürülməsi ilə nəticələnən Qanlı Yanvar faciəsi haqqında məlumat verib. O deyib ki, bu gün belə sərgilərin təşkili azadlıq və müstəqillik uğrunda canlarını qurban vermiş insanların unudulmadığını bir daha təsdiq edir.
Litvanın Çexiyadakı səfiri Edvilas Raudonikis azadlıq və müstəqillik uğrunda aparılan mübarizələrin və həmin mübarizələrin əks olunduğu belə sərgilərin təşkilinin önəmini qeyd edib.
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Praqa