REGİONLAR
Çay məcralarından istifadə qaydalarının pozulması ekoloji problemlər yaradır
Quba, 19 yanvar, Elxan Yusifli, AZƏRTAC
Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi Quba rayonunda karxana fəaliyyəti ilə məşğul olan sahibkarlar və sakinlərin iştirakı ilə ictimai dinləmələr keçirib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, görüşün təşkil olunmasında əsas məqsəd karxana fəaliyyəti ilə məşğul olan sahibkarları bu sahənin hüquqi normaları haqqında maarifləndirmək və onların qarşılaşdıqları problemlər ilə tanış olmaq, həmçinin yerli sakinləri narahat edən məsələləri dinləməkdir.
Görüş zamanı istismarçıların karxana fəaliyyətinin hüquqi əsaslarına dair sualları cavablandırılıb, Vəlvələçayda xammal ehtiyatlarından istifadənin hazırkı vəziyyəti və əhalinin suvarma suyu ilə təminatı müzakirə olunub.
Agentliyinin sədri Samir İdayətov bildirib ki, çaylarda mütəmadi monitorinqlər aparılmaqla yanaşı, istismarçılarla görüşlər keçirilir. Burada məqsəd çaylardakı xammal ehtiyatlarından səmərəli istifadəni təmin etməkdir.
“Bugünkü ictimai dinləmənin əsas məqsədi Vəlvələçayda aparılan istismar işləri ilə bağlıdır. Sakinlər tərəfindən irəli sürülən təklifləri dinləyib, birlikdə müzakirə aparırıq. Qaldırılan məsələlərin həlli üçün müvafiq dövlət qurumları tərəfindən monitorinqlər aparılıb və yenə aparılacaq. Sakinlər tərəfindən qaldırılan əsas məsələ suvarma və içməli su təchizatı ilə bağlıdır. Biz də dövlət qurumları olaraq, həm sulardan götürülmüş analizlərin nəticələri haqqında, həm su itkiləri və keyfiyyəti barədə izahatlar vermişik. Ətraf kəndlərin su təminatında problemlərin yaranmaması üçün müvafiq tədbirlər görülüb və gələcəkdə də görüləcək”, - deyə Samir İdayətov bildirib.
Vurğulanıb ki, karxana fəaliyyətinin əsas prinsipi çay məcrasını dəyişməmək şərti ilə, bərpaolunan inet materiallardan istifadə etməkdir. Eyni zamanda, qazıntı aparan zaman çayın alt layı qorunmalıdır. Çünki çaylar yeraltı sulardan qidalanır və həmin alt lay zədələnərsə, artıq çay suları yeraltı suları qidalandırmağa başlayır ki, bu da çox təhlükəli ekoloji problem sayılır. Ümumiyyətlə, çay məcralarından istifadə qaydalarının pozulması ekoloji problemə səbəb olur.
Daha sonra tədbirdə kənd sakinləri onları narahat edən məsələlər barədə fikirlərini səsləndiriblər.
Tədbirdə bildirilib ki, qanunvericiliyə əməl etməyən sahibkarlarla bağlı ciddi tədbirlər görülür. Bundan sonra da xammal ehtiyatlarından istifadə zamanı qanun pozuntusu aşkarlanarsa, dərhal müdaxilə ediləcək və müvafiq cəza tədbirləri tətbiq olunacaq.