ÇEXİYANIN LİDİTSE ŞƏHƏR RƏHBƏRLİYİ ERMƏNİ SƏFİRİNİN MÜRACİƏTİNİ NƏZƏRƏ ALMAMIŞDIR
Bakı, 1 mart (AZƏRTAC). Azər-Çex Cəmiyyətindən bildirmişlər ki, Çexiyada yaşayan ermənilərin Xocalı faciəsinin 18-ci ildönümü ilə əlaqədar bu ölkədə keçirilən tədbirlərə mane olmaq cəhdləri boşa çıxmışdır.
Diasporla İş üzrə Dövlət Komitəsinin və Azərbaycanın Çexiyadakı səfirliyinin təşkilatçılığı ilə keçirilən tədbirlər çərçivəsində Liditse faciəsi qurbanlarının abidəsi önünə əklil qoyulmuş, Xocalı faciəsindən bəhs edən sərgi açılmış, Dağlıq Qarabağ münaqişəsinə həsr olunmuş konfrans keçirilmiş, münaqişədən bəhs edən film nümayiş etdirilmişdir.
Erməni diasporu və Ermənistanın Vyanadakı səfiri Aşot Ovagimyan Liditse rəhbərliyinə müraciət edərək şəhərin küçələrindən birinə Xocalı adının verilməsinə, eləcə də Liditse ilə Xocalı arasında imzalanacaq protokola etirazlarını bildirmişlər. Lakin şəhər rəhbərliyi erməni səfirin və diasporunun müraciətlərini rədd etmişdir.
Liditse şəhərinin icra başçısı Yosef Klima bildirmişdir ki, yeni salınacaq küçələrin birinə Xocalı adı veriləcəkdir. Liditse və Xocalı arasında əməkdaşlıq haqqında protokol imzalanmışdır.
Cəmiyyətdən onu da bildirmişlər ki, Liditse qəsəbəsi 1942-ci ildə alman faşistləri tərəfindən yerlə-yeksan edilmiş, əhalisi qətlə yetirilmişdir. Xocalı və Liditse faciələrinin oxşarlığı nəzərə alınaraq Liditse Muzeyi və Xatirə Kompleksində 2007-ci il fevralın 26-da Xocalı faciəsinin 15 illiyinə həsr olunmuş və 3 ay davam etmiş silsilə tədbirlər keçirmişdir.