CƏMİYYƏT
Çindən Türkiyəyə təxliyə olunmuş Azərbaycan vətəndaşları Bakıya çatıblar VİDEO
Bakı, 15 fevral, AZƏRTAC
Çin Xalq Respublikasının Uxan şəhərində yayılan yeni növ koronavirusla əlaqədar Türkiyəyə təxliyə olunmuş Azərbaycan vətəndaşları fevralın 15-də Bakıya çatıblar.
AZƏRTAC xəbər verir ki, təxliyə olunmuş vətəndaşlarımız - Leyla Quliyeva, Firuddin Nağıyev, Duyğu Nağıyeva, Rauf Məmmədli, Tural Cəfərov və Elşən Musazadə Ankarada 14 gün müddətində karantində saxlanılıblar. Karantin müddəti ərzində bir neçə dəfə analiz verən həmvətənlərimizdə koronavirus aşkarlanmayıb.
Çində təhsil alan azərbaycanlı doktorant Leyla Quliyeva Heydər Əliyev Beynəlxalq Aeroportunda jurnalistlərə müsahibəsində göstərilən dəstəyə və qayğıya görə təxliyə olunan həmvətənlərimiz adından Prezident İlham Əliyevə və Türkiyə dövlətinə minnətdarlıq edib. “Dövlətimizin qüdrətindən irəli gəlir ki, biz səkkiz günə Çini tərk edə bildik. Bizim kimi az ölkə var ki, vətəndaşlarını oradan çıxara bilib”, - deyə o bildirib.
L.Quliyeva deyib ki, karantin bitəndən sonra Türkiyənin Səhiyyə naziri sağlamlıq haqqında arayışları onlara şəxsən təqdim edib: “Bunun üçün Türkiyənin Səhiyyə Nazirliyinə təşəkkür edirik. Bizə çox yaxşı xidmət göstərdilər”.
Qeyd edək ki, Uxandan təxliyə olunan Azərbaycan vətəndaşları Ankaradakı Doktor Zekai Tahir Burak Qadın Sağlığı Təhsili və Araşdırma Xəstəxanasında karantində olublar.