Coğrafiya İnstitutunun elmi seminarında Anım Gününə həsr edilmiş məruzə dinlənilib
Bakı, 19 sentyabr, AZƏRTAC
Elm və Təhsil Nazirliyinin akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun növbəti elmi seminarı 27 Sentyabr – Anım Gününə həsr edilib. İclas iştirakçıları Azərbaycan uğrunda şəhid olan oğul və qızlarımızın əziz xatirəsini 1 dəqiqəlik sükutla yad ediblər.
İnstitutun elmi katibi Səidə Zeynalova Anım Gününün ölkəmizin hər yerində geniş qeyd olunduğunu və şəhidlərin əziz xatirəsinin xalqımızın qəlbində daim yaşayacağını diqqətə çatdırıb.
Coğrafiya İnstitutundan AZƏRTAC-a bildirilib ki, Landşaftşünaslıq və landşaft planlaşdırılması şöbəsinin müdiri Mirnuh İsmayılov “Qarabağ və Şərqi Zəngəzur regionlarının ekoloji problemləri: belliqerativ landşaftlardan gələcəyə doğru” adlı təqdimatla çıxış edib. Alim məruzəsində bu ilin avqust ayında Qarabağ və Şərqi Zəngəzur bölgələrində landşaftların təbii ehtiyat potensialının qiymətləndirilməsi, müasir transformasiya tendensiyalarının və ekogeokimyəvi şəraitinin tədqiqi məqsədilə ekspedisiyada olarkən görülmüş elmi-tədqiqat işinin hesabatını verib.
Məruzəçi, həmçinin 1988-1993-cü illərdə işğal edilmiş Azərbaycan əraziləri, onların işğal tarixi, ərazilərinin sahəsi göstərilməklə I Qarabağ müharibəsində itkin düşmüş, əsir və girov götürülmüş, azad edilmiş və şəxsiyyəti müəyyən edilmiş itkin-şəhidlərlə bağlı statistik məlumatları diqqətə çatdırıb, işğaldan azad edilmiş ərazilərdə gedən bərpa-quruculuq işləri, nəqliyyat infrastrukturunun təşkili və s. məsələlərə toxunub.