ELM VƏ TƏHSİL
“COP29 HUB” – yerli və xarici tələbələr ölkələrinin şərti rəsmi şəxsləri kimi məruzə etdilər
Xırdalan, 4 noyabr, Ətrabə Rzayeva, AZƏRTAC
Bakı Mühəndislik Universitetində (BMU) Xarici dillər kafedrası və Tələbə Həmkarlar İttifaqının "English zone" klubunun birgə təşkilatçılığı ilə Azərbaycanın ev sahibliyi etdiyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına həsr olunmuş “COP29 HUB” adlı tədbir keçirilib.
BMU-dan AZƏRTAC-a bildirilib ki, tədbirdə ekoloji mövzuda ingilis dilində və müxtəlif ölkələrin simvolik rəsmi şəxsləri rolunda məruzəçi kimi çıxış edən yerli, həmçinin xarici tələbələrin iştirakı ilə panel sessiya təşkil olunub.
Öncə BMU-nun beynəlxalq əlaqələr üzrə prorektoru Ətrabə Gül, Xarici dillər kafedrasının müdiri Nərminə Əliyeva, həmçinin layihənin rəhbəri, kafedranın baş müəllimi Sevda Hüseynova çıxış ediblər. Çıxışlarda ölkəmizdə keçiriləcək COP29-un önəmindən bəhs olunub. Eyni zamanda, “COP29 HUB” tədbirinin belə bir maraqlı formatda təşkil olunmasının əsas məqsədinin həm tələbələrin ekoloji təfəkkürünü formalaşdırmaq, planetin bütün ölkələrinin yaşıl dünya strategiyası ilə bağlı maariflənmələrini gerçəkləşdirmək, həm də onların ingilis dili bacarıqlarını inkişaf etdirmək olduğu vurğulanıb.
Panellərdə Azərbaycan, Türkiyə, Pakistan, İngiltərə, Amerika və Afrika ölkəsi Çadın şərti rəsmi şəxsləri kimi məruzə edən tələbələr öz ölkələrinin ekoloji durumu, iqlim dəyişmələri nəticəsində üzləşdikləri təbiət hadisələri, yaranan ciddi ekoloji fəsadlara diqqəti cəlb edib, habelə ətraf mühitin qorunması istiqamətində həyata keçirilən tədbirləri diqqətə çatdırıblar.
Sonra COP29 üzrə müxtəlif beynəlxalq “təmsilçilər” statusunda olan gənclərin iqlim dəyişikliyinə qarşı birgə mübarizəyə səslədikləri rol oyunu (Save the planet -planetimizi xilas edək), “Green English”, “Eco innovators” və “Earth defenders” komandaları arasında ətraf mühitə aid ingiliscə terminlər üzrə söz yarışması nümayiş olunub. Tələbələrin ifa etdiyi dünyamızı qorumağa çağırış notlu (This is our world - bu, bizim dünyamızdır) mahnı tədbirdə maraqla qarşılanıb.
Sonda tədbirdə fəallıq göstərən tələbələrə sertifikatlar təqdim olunub.