COP29 Sədrliyi London İqlim Həftəsində iştirak edir

Bonn, 23 iyun, Pərvanə Qafarova, AZƏRTAC
COP29 Sədrliyi iyunun 21-dən 29-dək London İqlim Həftəsində təmsil olunur.
Bu barədə AZƏRTAC-a COP29-un İqlim dəyişmələri üzrə yüksəksəviyyəli çempionu Nigar Arpadarai bildirib.
“London İqlim Həftəsi dünyada ən böyük iqlim tədbirlərindən biridir. Məsələn, ötən il bu tədbirdə 50 minə yaxın insan iştirak edib və bir həftə ərzində 300-dən çox tədbir keçirilib. Ona görə bizim üçün burada olmaq çox önəmlidir. Qeyd edim ki, bu həftə ərzində COP29 Sədrliyi olaraq müxtəlif tədbirlərdə iştirakımız nəzərdə tutulub, ikitərəfli görüşlərimiz və hər bir komanda üzvümüzün özünəməxsus proqramı var. Məsələn, hazırda Millətlər Birliyi Təşkilatının ofisində maliyyə ilə bağlı dəyirmi masa keçirilib və müxtəlif tərəfdaşlarla çox maraqlı müzakirələr baş tutub.
Ümumilikdə, biz həm ikitərəfli müzakirələrdə, həm də müxtəlif sektorlar üzrə, məsələn, özəl sektorun, şirkətlərin keçirdiyi tədbirlərdə iştirak edəcəyik. Bu görüşlərdə sığorta, kənd təsərrüfatı, enerji və digər sektorlar üzrə tədbirlər nəzərdə tutulub. COP29-un tarixi qərarlarının növbəti mərhələdə icrası üçün burada həm qeyri-dövlət aktorları ilə, həm də rəsmlilərlə işləyirik.
Bunun üçün burada olmaq önəmlidir. Bildiyiniz kimi, COP29 zamanı əsas qərarlardan biri də 300 milyard dollarlıq maliyyə qərarı idi ki, onun 1,3 trilyona çatdırılması məqsədi qoyulub - “Bakıdan Belemə Yol Xəritəsi”dir. İndi biz COP30 komandası ilə işləyirik və bu baxımdan da, məsələn, növbəti mərhələdə özəl sektorun bu proseslərə qoşulacağı, müzakirə etməsi üçün müxtəlif dəyirmi masalara qatılırıq.
Burada bizim özümüzün də tədbirlərimiz keçiriləcək. Məsələn, Nizami Gəncəvi Mərkəzi ilə birgə bizim komandanın yaşıl iqtisadiyyatla bağlı çox maraqlı bir tədbirinin keçirilməsi nəzərdə tutulub. Tədbirdə həm rəsmilərin, həm də özəl sektorun nümayəndələrinin iştirakını gözləyirik. Digər tərəfdən, böyük təşkilatların, böyük şirkətlərin burada iştirakı planlaşdırılır.
Xatırladım ki, London İqlim Həftəsi - Bakı İqlim Həftəsinin tərəfdaşıdır. Bu il sentyabrın 29-dan oktyabrın 3-dək Bakıda ikinci dəfə İqlim Həftəsi keçiriləcək”, - deyə Nigar Arpadarai əlavə edib.