COP-27 iqlim sammitinin beşinci günü gənclərə və elmə həsr olunub
Qahirə, 10 noyabr, AZƏRTAC
Misirin Şarm əl-Şeyx şəhərində davam edən BMT-nin COP-27 iqlim dəyişikliyi sammitinin beşinci günü gənclər və elmə həsr olunub.
AZƏRTAC xəbər verir ki, BMT-nin Baş katibi Antonio Quterreş sammit çərçivəsində müxtəlif ölkələrdən olan gənclərlə görüş keçirib. “Görüş olduqca maraqlı idi və mən planetimizin gələcəyini düşünən gənclərlə görüşdən həzz aldım, onların cəsarətinə və əzminə heyran oldum”, - deyə Baş katib öz tvitində yazıb. Görüşdə 149 ölkədən olan gənclərin imzası ilə iqlim dəyişikliyi ilə bağlı Qlobal Gənclik Bəyanatı A.Quterreşə təqdim edilib.
Sammit çərçivəsində Misir Prezidenti Əbdülfəttah əs-Sisi bu ölkənin 27 vilayətinin qubernatorları ilə birlikdə velosiped yürüşünə çıxıb. “Bəşəriyyət iqlim tarazlığına səs verir” devizi ilə təşkil olunan yürüşdə UNICEF-in də nümayəndələri iştirak ediblər.
COP-27 iqlim sammiti çərçivəsində elan edilmiş Elm Günü müzakirələrində isə dünyanın aparıcı ekoloq alimləri, Nobel mükafatı laureatları iqlim dəyişikliyi ilə bağlı fikirlərini bildiriblər. BMT-nin Ətraf Mühit Proqramı (UNEP), Hökumətlərarası İqlim Dəyişikliyi Paneli (IPCC) və ekologiya üzrə ekspertlər karbon qazı emissiyasının azaldılması, okeanların çirklənməsinin qarşısının alınması, bərpa olunan enerji istehsalının artırılması ilə bağlı yeni təşəbbüslərlə çıxış ediblər. Panel iclaslarında alimlərin planetimizdə həyatın qorunmasında rolu haqqında məruzələri də dinlənilib.
COP-27 iqlim sammiti noyabrın 18-dək davam edəcək.
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə