DAĞLIQ QARABAĞ MİSKİN VƏZİYYƏTDƏDİR
Müəllif yazır ki, Dağlıq Qarabağın mərkəzində gecələr restoranlar, mehmanxana və barların işığı adamı cəlb edir. Amma gündüz hər şey daha kədərli görünür. Sovet dövründənqalma çoxmərtəbəli binalar arasında çəkilmiş paltar ipləri göstərir ki, camaat əvvəlkitək yoxsulluq içindədir. Təmir edilmiş bəzi binalarda bayraqlar asılmışdır. Bunlar Ermənistandan savayı, dünyanın heç bir dövlətinin tanımaq istəmədiyi respublikanın nazirlikləridir.
1992-ci ildə, müharibənin qızğın çağında keçmiş Stepanakert Pedaqoji İnstitutu universitetə çevrildi. Axı, “müstəqil respublikanın” universiteti olmalıdır! Lakin tələbələr gileylənirlər ki, bu “dövlət universiteti”nin verdiyi diplomlar xaricdə tanınmır və başqa universitetlərlə mübadilə aparılmır, çünki dünyada heç kim Qarabağı tanımır.
“Müstəqillik” elan edildikdən on beş il sonra Qarabağ hələ də çətin vəziyyətdədir. Burada gündəlik həyat ağır və ziddiyyətlə doludur. Əcnəbilərdən Ermənistan vizasından əlavə, buraya gəlmək üçün viza tələb edilir. Halbuki öz sakinlərinin Qarabağ pasportu yoxdur, çünki bu pasportla onlar heç yerə gedə bilməzlər. Odur ki, hamının Ermənistan pasportu var və Ermənistan öz çağırışçılarını “Qarabağ ordusu”nda xidmət etməyə göndərir.
Qeyri-sabit vəziyyət, millətçilik azarı və xarici aləmdən təcridolma bir ovuc siyasətçi-biznesmenin xeyrinədir. Stepanakertin mərkəzində yenicə 300 yerlik dəbdəbəli restoran açılmışdır. Qara kostyum geymiş “nuvoriş”lər burada nahar edirlər. Restoranın sahibi qürurla deyir: “Bir baxın, Qarabağda tərəqqi var: biz konyak içirik!”.
Mərkəzi bazarda isə miskin vəziyyət daha aşkar nəzərə çarpır: kök, soğan və Yerevandan gətirilən portağal və mandarin satılan bir neçə köşk var. Bütün bu məhsullar Ermənistanda olduğundan xeyli bahadır. Qarılar küçə süpürür, əl açıb dilənirlər. Konfet və siqaret satan 48 yaşlı Anya, çoxları kimi, gileylənir ki, “həyat qaydasına düşmür. Bazarda ayda 30 min dram (55 avro) əmək haqqı alıram. Qızımın institutda təhsilini davam etdirməsi üçün 450 dollar lazımdır. İmkanımız yoxdur ki, kirayəyə ev tutaq. Ona görə də bir neçə gün bir qohumun, sonra başqasının evində yaşayırıq. Biz sadə adamlara bircə şey lazımdır – axır ki, münaqişəyə son qoyulsun. İndi Qarabağda bütün pullar orduya xərclənir. Axı, biz burada qoruduğumuz torpağə o dünyaya aparmayacağıq”.