DAĞLIQ QARABAĞ MÜNAQİŞƏSİNİN HƏLLİNDƏ PAKİSTANIN AZƏRBAYCANIN ƏRAZİ BÜTÖVLÜYÜNÜ DƏSTƏKLƏMƏSİ YÜKSƏK QİYMƏTLƏNDİRİLMİŞDİR
Səfir fəaliyyəti dövründə ölkələrimiz arasında dostluq və əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsi istiqamətində görülmüş işlərdən məmnunluğunu ifadə etmiş, bu işdə ona dəstək göstərdiyinə görə Azərbaycan hökumətinə minnətdarlığını bildirmişdir.
Pakistan Prezidenti Pərviz Müşərrəfin 2004-cü ildə Azərbaycana səfərini, həmçinin Prezident İlham Əliyevin 2005-ci ildə Pakistana səfərini xatırladan diplomat, bu səfərlərin ölkələrimiz arasında əməkdaşlığın möhkəmlənməsində mühüm əhəmiyyət kəsb etdiyini vurğulamışdır.
M.Hafiz bu yaxınlarda Pakistanın baş nazirinin rəhbərlik etdiyi nümayəndə heyətinin İqtisadi Əməkdaşlıq Təşkilatının üzvü olan ölkələrin dövlət və hökumət başçılarının 9-cu zirvə toplantısında iştirak etmək üçün Azərbaycana səfər etdiyini xatırlamış, qarşılıqlı səfərlərin ikitərəfli əlaqələrin inkişafına yeni təkan verdiyini bildirmişdir.
Səfir beynəlxalq təşkilatlar çərçivəsində Azərbaycanın həmişə Pakistanın mövqeyini dəstəklədiyinə, xüsusilə BMT-də islahatların keçirilməsi məsələsində ölkəmizin dəstəyinə və Pakistanda baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılmasındakı yardımına görə təşəkkürünü bildirmişdir. Siyasi sahədə genişlənən əməkdaşlığın iqtisadi sahədə də davam etdirilməsini məqsədəuyğun sayan M.Hafiz, iki ölkə arasında iqtisadi əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulamışdır.
Nazir Elmar Məmmədyarov ölkələrimizin xalqları arasında sıx dostluq əlaqələrini vurğulayaraq, Azərbaycanın müstəqilliyini bərpa etdikdən sonra bu münasibətlərin yüksələn xətlə inkişaf etdiyini söyləmişdir. O, Pakistanın beynəlxalq arenada daim ədalətli, beynəlxalq hüququn norma və prinsiplərinə uyğun mövqedən çıxış etməsini, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsini yüksək qiymətləndirmişdir.
Səfirin iqtisadi sahədə əməkdaşlığın genişləndirilməsinə dair fikirləri ilə razılaşan nazir, bu məqsədlə iş adamlarının cəlb olunmasını, ölkələrimizin iqtisadi potensialının qarşılıqlı şəkildə öyrənilməsini vacib saymışdır.
E.Məmmədyarov səfirə gələcək fəaliyyətində uğurlar arzulamışdır.