DAHİ ŞƏXSİYYƏTƏ MƏHƏBBƏT İFADƏ OLUNMUŞDUR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, 40 gündür ki, Gəncədə kiçikdən böyüyədək hamı matəm içərisindədir. Şəhərin baş meydanında qoyulmuş qara haşiyəli nəhəng portret gül-çiçəyə qərq olmuşdur. Adamlar yaşadıqları xoşbəxt günləri onlara bəxş edən dahi bir insanın ruhu qarşısında baş əyir, dualar oxuyurlar. Matəmin 40-cı günü isə meydan daha böyük izdiham içərisində idi. Əllərində tər qərənfillər tutmuş məktəblilər, ahıllar, bütün peşə sahibləri, bir sözlə, hamı Prezident Heydər Əliyevə öz məhəbbətlərini ifadə etməyə, son borclarını verməyə gəlmişdilər. Şəhər axundunun çıxışından sonra insanlar növbə ilə portretin önündən keçərək bütün şüurlu ömrünü öz xalqının tərəqqisinə həsr etmiş bu dahi şəxsiyyətin ruhu qarşısında baş əyirdilər. Vida mərasimi beləcə bütün günü davam etmişdir. Həmin gün hüznlü anlar yaşayan insanlar üçün şəhərin müxtəlif yerlərində ehsan süfrələri də açılmışdı.