DANİMARKADA EKOLOJİ CƏHƏTDƏN TƏHLÜKƏSİZ İNKİŞAF MÖVZUSUNDA KONFRANS BAŞA ÇATMIŞDIR
Bakı, 1 oktyabr (AZƏRTAC). Danimarkada “Ümumdünya iqlim qərarları” mövzusunda 4-cü beynəlxalq konfrans başa çatmışdır. Tədbirdə 30 ölkədən 400-dən çox şirkətin və təşkilatın nümayəndəsi iştirak etmişdir.
Alimlər, biznesmenlər və siyasətçilər ekoloji cəhətdən təhlükəsiz iqtisadi inkişaf, təmiz texnologiyaların yaradılması, enerji səmərəliliyi və enerji təchizatı məsələlərini müzakirə etmişlər. Kopenhagenin meri Frank Yensen demişdir ki, təşkilatçılar ötən il Danimarka paytaxtında keçirilən iqlim sammitinin uğursuzluğundan nəticə çıxararaq, bu il diqqəti problemlərdə deyil, onların həllində cəmləşdirmişlər.
Bələdiyyələrin və şirkətlərin öz şəhərlərində yaşayışın daha rahat, təmiz olması üçün gördükləri tədbirlər iştirakçıların diqqət mərkəzində olmuşdur. Enerjiyə qənaət etməyə, istixana qazlarının atmosferə buraxılmasını azaltmağa, səs-küyün səviyyəsinin aşağı salınmasına yönəldilmiş layihələr və konsepsiyalar “Balla-mərkəz”in zallarında nümayiş etdirilmişdir.
Danimarkanın hökumət komissiyası ölkənin 2050-ci ilədək kömürsüz, neftsiz və qazsız həyata keçməsi ilə bağlı məruzə təqdim
etmişdir. Buna ya bərpa olunan enerji mənbələri, ya da yer altından çıxarılan yanacaqdan istifadəyə vergi qoyulması yolu ilə nail oluna bilər.
Konfrans çərçivəsində “İqtisadiyyatın yaşıl inkişafı” forumu keçirilmişdir.