DAŞ SALAHLI KƏNDİNDƏ SEMENT ZAVODUNUN TƏMƏLİ QOYULMUŞDUR
AZƏRTAC-ın müxbirləri xəbər verirlər ki, mayın 30-da Qazax rayonunun Daş Salahlı kəndində sement zavodunun təməli qoyulmuşdur.
İnşaatçılar mərasimə gələn Prezident İlham Əliyevi böyük hörmət və ehtiramla qarşıladılar.
Prezidentə məlumat verildi ki, “Akkord” şirkətlər qrupu tərəfindən inşa olunan zavod bölgəni tam təmin edəcək və işə düşdükdən sonra qərb bölgəsinə sement idxalı azalacaqdır. Qonşu Gürcüstana da məhsul ixrac etmək mümkün olacaqdır.
Müəssisədə quraşdırma işlərini Çin və Avstriya mütəxəssisləri görəcəklər. Çinin “Çun-Xao” Sintezial beynəlxalq şirkəti dünyanın 22 ölkəsində belə zavod inşa etmişdir. Azərbaycanda inşa olunan zavod sayca 24-cüdür. Tikintidə yerli işçilər də çalışacaq, zavod işə düşdükdən sonra isə burada 300-dən çox adam daimi işlə təmin olunacaqdır.
Prezident İlham Əliyev gilizi təmələ qoydu və beton qarışığı tökdü, inşaatçılara işlərində uğurlar arzuladı.
Zavod gündə 2500 ton məhsul istehsal edəcəkdir. Xammal Qaymaqlı, Daş Salahlı, Ağköynək və Kəmərli kəndlərindəki yataqlardan gətiriləcəkdir. Zavodun tikintisi ilə əlaqədar bu kəndlərdən 150 hektar topraq sahəsi “Akkord” şirkətlər qrupunun balansına verilmişdir. Smeta dəyəri 49,5 milyon ABŞ dolları olan zavodun 2008-ci ilin avqustunda istifadəyə verilməsi nəzərdə tutulmuşdur.