Daşkənddə azərbaycanlı rejissor Tərlan Rəsulovun ustad dərsi olub
Bakı, 23 oktyabr, AZƏRTAC
Oktyabrın 23-də Daşkənddə keçirilən “Moskva Günləri” çərçivəsində azərbaycanlı rejissor Tərlan Rəsulov “Mədəniyyət strategiyası fəaliyyətdə” adlı ustad dərsi keçib.
Tədbirin təşkilatçıları AZƏRTAC-a bildiriblər ki, Özbəkistanın Mədəniyyət Nazirliyində mədəniyyət müəssisələrinin rəhbərləri üçün keçirilən ustad dərsi çərçivəsində Tərlan Rəsulov mədəniyyət göstəricilərinin qiymətləndirilməsində yeni yanaşmalar, məzmun təhlili təcrübələri və özünü təqdimetmə üsullarından danışıb.
“Strategiyaların yaradılması və hədəflərin müəyyən edilməsi mədəniyyət sənayesində çox vaxt lazımınca qiymətləndirilməyən sahələrdir. Auditoriyanın fəal iştirakına, sual və cavablara əsasən, ümid etməyə cəsarət edirəm ki, təqdim olunan məlumat və bu gün təklif etdiyim layf-haklar faydalı oldu. “Moskva Günləri” müxtəlif ölkələrin nümayəndələrinin təcrübə mübadiləsi apardıqları, birgə layihələr yaratdıqları, yaradıcılıq və inkişaf üçün yeni impulslar tapdıqları çox gözəl platformaya çevrilib. Birlik və çoxcəhətlilik bu tədbirin üstünlük təşkil edən xüsusiyyətləridir. Bu isə etibarlı bünövrədir”, – deyə Tərlan Rəsulov təəssüratlarını bölüşüb.