Daşkənddə “Müstəqilliyimiz xalqlarımızın uğurlarının zirvəsidir” adlı beynəlxalq onlayn forum keçirilib
Daşkənd, 26 iyun, AZƏRTAC
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) layihəsi əsasında Azərbaycan və Özbəkistan uşaqlarının iştirakı ilə Silahlı Qüvvələr Gününə həsr olunan “Müstəqilliyimiz xalqlarımızın uğurlarının zirvəsidir” adlı beynəlxalq onlayn forum keçirilib.
AZƏRTAC xəbər verir ki, forumun əsas məqsədi gələcəyimiz olan uşaqlara vətənpərvərlik və qəhrəmanlıq hisslərinin aşılanması, onları müstəqil dövlətlərimizin nailiyyətləri, vətənlərinin tarixi, mədəniyyəti, tanınmış şəxsiyyətləri haqqında məlumatlandırmaqdır.
AMM-nin direktoru Samir Abbasov forumu açaraq iştirakçıları 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə təbrik edib, ölkəmizdə dövlətin uşaqlara qayğısından danışıb.
S.Abbasov Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin uşaqlar haqqında söylədiyi fikrini səsləndirib: “Hər bir xalqın, dövlətin ən böyük və qiymətli sərvəti uşaqlardır”. O, uşaqlara qayğı və onlar üçün hər cür şəraitin yaradılmasının həm müstəqil Azərbaycanda, həm də Özbəkistanda əsas istiqamətlərindən olduğunu vurğulayıb, Heydər Əliyev Fondunun bu sahədəki layihələrindən danışıb.
Forumda Azərbaycan-Özbəkistan dostluğu, ana dilinin dəyəri, ölkəmizin tarixi, qədim şəhərlərimiz olan İrəvan, Naxçıvan, Şuşa, iki ölkənin dahi şəxsiyyətləri, xalqlarımızın dünya mədəniyyətinə, elminə, ədəbiyyatına bəxş etdiyi tanınmış simalar - Nizami Gəncəvi, Əlişir Nəvai, Şah İsmayıl Xətai, Üzeyir Hacıbəyli, Abdulla Aripov, Maqsud Şeyxzadə və Seyid Rza Əlizadə haqqında məruzələr dinlənilib.
Tələbə Razzaq Xudoykulovun hər iki ölkənin uşaqlarına “Azərbaycan - Özbəkistan tarixi dostluğu bizə babalarımızın əmanətidir və onu qorumaq hər birimizin borcudur” adlı videomüraciəti səslənib.
Forumda Azərbaycandan olan şagirdlər Sübhan Məmmədli “Heydər Əliyev müstəqilliyimizin xilaskarı, müstəqil Azərbaycanın memarıdır”, Gülay Əhmədli “İrəvan qədim Azərbaycan şəhəri və ata-babalarımızın yurd yeri”, Cəlil Xəlili “Qarabağ Azərbaycan mədəniyyətinin beşiyidir”, Camal Məmmədzadə “Aprel zəfəri - Vətən torpaqlarının azadlığına gedən yol”, Fərhad Quliyev “Ana dilim ─ milli varlığım, qürur mənbəyim”, Ziya Raminoğlu “Şah babamız Xətai. Nə üçün onunla qürur duyuruq?” və s. mövzularda məruzələr ediblər.
Özbəkistan tərəfdən Nozim Afiyev “Vətən anadır və hamımız üçün müqəddəs yurd yeridir”, Arina Zaverşinskaya “Özbək mətbəxi - dünya kulinariyasının ləzzət simvolu”, Saidjon Raşidov “Abdulla Aripov - müstəqil Özbəkistanın himninin müəllifi”, Yasmin Aydınova “Türk dünyasının iki dahi şairi - Nizami Gəncəvi və Əlişir Nəvai”, Parvina Fazilova “Maqsud Şeyxzadə - iki xalqın böyük oğlu”, Safina Baqayeva “Seyid Rza Əlizadə - Özbəkistanda tanınmış azərbaycanlı, dünya şöhrətli alim” və sair mövzularda çıxışlar ediblər.
Forumun moderatorları Mədəniyyət Mərkəzinin Azərbaycan dili kurslarının rəhbəri Sələmə Fətəliyeva, Kitabxana-İnformasiya Mərkəzinin rəhbəri Kifayət Pirməmmədova və kurs müəllimi Lalə Orucova olublar.
Ən yaxşı məruzələrin müəlliflərinə Mədəniyyət Mərkəzinin mükafatları və diplomları təqdim ediləcək.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd