Daşkəndin Babur parkında Novruz şənliyi keçirilib
Daşkənd, 22 mart, AZƏRTAC
Daşkənddəki Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzi (RAMMM) paytaxtda fəaliyyət göstərən digər mədəniyyət mərkəzləri ilə birgə Babur parkında Novruz şənliyi keçirib.
AZƏRTAC xəbər verir ki, RAMMM-nin sədri Firdovsi Hüseynov Novruz bayramının tarixi haqqında məlumat verib, bu bayramın Özbəkistanda yaşayan 130-dan çox xalq və millət tərəfindən qeyd edildiyini bildirib. Diqqətə çatdırıb ki, Rudəki, İbn Sina, Nizami Gəncəvi, Sədi, Hafiz və başqaları əsərlərində Novruzun İslamdan xeyli əvvəl yarandığını yazıblar.
Xatırladıb ki, Azərbaycanın təşəbbüsü və bir sıra dövlətlərin dəstəyi ilə 2010-cu ildə BMT Baş Məclisi martın 21-nin Beynəlxalq Novruz Günü kimi tanınması barədə qətnamə qəbul edib.
Novruz şənliyi mədəniyyət mərkəzləri üçün ayrılmış guşələrdə davam etdirilib. Azərbaycan guşəsində uşaqlar üçün şer viktorinası keçirilib, onlara hədiyyələr verilib. Bu guşədə ölkəmizin bayrağı, xalqımızın tarixi və mədəniyyəti ilə bağlı kitablar, suvenirlər nümayiş etdirilib. Həmçinin qonaqlara Novruz şirniyyatları təqdim olunub.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd