DAXİLİ İŞLƏR NAZİRİ AVROPA İTTİFAQI ÜÇLÜYÜNÜNNÜMAYƏNDƏ HEYƏTİ İLƏ GÖRÜŞMÜŞDÜR
Ramil Usubov Daxili İşlər Nazirliyinin strukturu və fəaliyyət istiqamətləri haqqında qonaqlara məlumat vermişdir. O, ötən əsrin 90-cı illərinin əvvəllərində Ermənistanın təcavüzü nəticəsində torpaqlarımızın 20 faizindən çoxunun işğalını, 1 milyondan artıq soydaşımızın ata-baba yurdlarından didərgin salınmasını, müstəqilliyimizin qazanılmasından ötən dövrdə baş vermiş hadisələri və bütün bunların kriminogen duruma təsirini, xaos və anarxiyanın, hakimiyyətsizliyin Azərbaycanı vətəndaş müharibəsi ilə üz-üzə qoyduğunu və nəhayət, ümummilli liderimiz Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə görülən tədbirləri, bütün sahələrdə əldə edilən uğurları, kriminogen durumun nəzarət altına alındığını onların diqqətinə çatdırmışdır.
General-polkovnik Ramil Usubov həyata keçirilən hüquqi-demokratik islahatlar, polis-vətəndaş münasibətlərini tənzimləyən yeni qanunların avropalı ekspertlərin rəyi ilə qəbul edildiyi və indi Azərbaycan polisinin demokratik prinsiplərə söykənən bu sənədlər əsasında fəaliyyət göstərdiyi, eyni zamanda hələ də mövcud olan ayrı-ayrı nöqsanlar barədə də məlumat vermişdir.
Avropa İttifaqı ilə Azərbaycan arasında əməkdaşlığa dair fəaliyyət planının layihəsi üzərində iş aparıldığını və DİN əməkdaşlarının bu məsələdə yaxından iştirak etdiyini vurğulayan Ramil Usubov, Avropa ilə Qonşuluq Siyasətinin Azərbaycan üçün yaratdığı imkanlar sırasında siyasi, iqtisadi, inzibati tədbirlərin, o cümlədən miqrasiya, narkotiklər və mütəşəkkil cinayətkarlıqla mübarizə sahəsində əməkdaşlığın da nəzərdə tutulduğunu bildirmişdir.
Daxili işlər naziri nümayəndə heyətinə Avropa İttifaqının üzvü olan dövlətlərdən Avstriya, Almaniya, Fransa, Çexiya, Macarıstan və Polşanın polis orqanları ilə Azərbaycan Daxili İşlər Nazirliyi arasında işgüzar əlaqələrin mövcudluğu, bir sıra ikitərəfli beynəlxalq hüquqi sənədlərin imzalandığı barədə məlumat vermiş, eyni zamanda, Böyük Britaniya, Belçika, İspaniya və Niderlanddan olan mütəxəssislərin respublikamızda hüquq mühafizə orqanlarının, o cümlədən polisin fəaliyyəti sahəsində yeni qanunvericiliyin hazırlanmasında ekspert yardımı göstərdiklərini, Avropa Şurasının xətti ilə Bakıda keçirilmiş seminar, treninq və digər təlim kurslarında yaxından iştirak etdiklərini diqqətə çatdırmışdır.
Üçlüyün üzvü Saymon Smit Avropa Qonşuluq Siyasəti çərçivəsində hazırlanıb həyata keçirilən ayrı-ayrı layihələrdə DİN nümayəndələrinin iştirakının vacibliyini və bunun gələcək əlaqələrin inkişafına kömək göstərəcəyini bildirmişdir.