DAXİLİ İŞLƏR NAZİRLİYİ VƏ RESPUBLİKA BAŞ PROKURORLUĞU MƏTBUAT XİDMƏTLƏRİNİN MƏLUMATI
Görülmüş qabaqlayıcı profilaktik tədbirlər nəticəsində şəxsiyyət əleyhinə olan cinayətlərin, oğurluqların, quldurluqların sayı xeyli azalmış, banditizm və adamları girov götürmə faktları ümumiyyətlə qeydə alınmamışdır.
Axtarışda olan iki minə yaxın təqsirləndirilən şəxs tutularaq istintaq və məhkəmə orqanlarına təhvil verilmiş, bütövlükdə cinayətlərin açılması sahəsində əvvəlki illərdə əldə olunmuş yüksək göstəricilər qorunub saxlanılmışdır.
Göstərilən müddət ərzində insanların həyatına, hüquq və azadlıqlarına ciddi təhlükə yaradan, habelə cinayətlərin ağır və xüsusilə ağır növlərindən olan adam oğurluqlarının açılması tam təmin edilmiş, onları törətmiş şəxslər tutularaq məsuliyyətə cəlb olunmuşlar.
Belə ki, 2006-cı il iyunun 11-də, naməlum şəxslər tərəfindən Nəsimi rayonundakı 19 nömrəli orta məktəbin 9-cu sinif şagirdi İldırım Məhərrəmov metronun Memar Əcəmi stansiyasının qarşısında aldatma yolu ilə avtomobilə mindirilərək oğurlanmışdı. Zərərçəkmişə hədə-qorxu gələn cinayətkarlar onu iş adamı olan atasına zəng vurmağa məcbur etmiş və azad olunması müqabilində 30 min ABŞ dolları tələb etmişlər.
Daxili İşlər Nazirliyinin, Baş Prokurorluğun, Bakı Şəhər Baş Polis və Yasamal Rayon Polis idarələrinin əməkdaşlarından ibarət dərhal yaradılmış əməliyyat-istintaq qrupunun keçirdiyi təxirəsalınmaz tədbirlərlə oğurlanmış İldırım Məhərrəmov bir gün sonra azad edilmişdir. Cinayətkar qrupun üzvləri Həsən Əzizov və Ramil Qurbanov Bakı şəhərində, Elməddin Məmmədov və cinayətin təşkilatçısı olan zərərçəkmişin qohumu Samir Qurbanov isə İmişli rayonu ərazisində yaxalanmış və barələrində həbs qətimkan tədbiri seçilmişdir.
Fakt üzrə Yasamal Rayon Prokurorluğunda cinayət işi başlanılaraq istintaq aparılır.
Daha bir oxşar ağır cinayət Ağcabədi rayonunda qeydə alınmışdır. Ötən il dekabrın 8-də rayonun Kəbirli kəndində yaşayan 14 yaşlı qız bir qrup naməlum şəxs tərəfindən oğurlanmışdı. Daxili İşlər Nazirliyi Baş Cinayət Axtarış idarəsi, Nəsimi Rayon Polis idarəsi və Ağcabədi rayon Polis şöbəsi əməkdaşlarının həyata keçirdikləri birgə əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətmiş Nurəddin Abdulov, Saməddin Nağıyev və Şamil Abdulov cari il fevralın 14-də müəyyən edilərək tutulmuşlar.
İnsanların həyat və sağlamlığı əleyhinə olan cinayətlərlə mübarizə üzrə həyata keçirilən tədbirlər də prokurorluq və daxili işlər orqanlarının gündəlik nəzarətində olmuş, bu istiqamətdə sıx qarşılıqlı əlaqədə görülən işlər nəticəsində keşmiş illərdən bağlı qalan bir sıra qəsdən adamöldürmə cinayətlərinin açılması da təmin edilmişdir.
Birgə keçirilən əməliyyat-axtarış və istintaq tədbirləri ilə 2006-cı il fevralın 12-də Kürdəmir rayon Karrar kənd sakini, 10 yaşlı Bəhruz Bağırzadəni tamah məqsədi ilə oğurlayıb qətlə yetirən Kürdəmir və Laçın rayon sakinləri Səbuhi Dəmirov, Elsevər Məmmədov və İsmayıl Quliyev müəyyən edilərək həbs olunmuşlar.
Cari il fevralın 15-də itkin düşmüş Sabunçu rayonu Bakıxanov qəsəbəsinin sakini, azyaşlı Aynur Əliyevanın bir gün sonra boğulma yolu ilə qətlə yetirilmiş meyiti tapılmışdır. Paytaxtda geniş əks-səda doğurmuş bu ağır cinayətin tezliklə açılması üçün daxili işlər və prokurorluq orqanlarının təcrübəli və peşəkar əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılmışdır. Qrupun üzvləri tərəfindən iki aydan artıq bir müddətdə davam etdirilən ixtisaslı əməliyyat-axtarış tədbirləri və zəruri istintaq hərəkətləri nəticəsində cinayəti törətmiş Tərtər rayon sakini Nurlan Əhmədov müəyyən edilərək tutulmuşdur.
Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsi və Ağsu Rayon Polis şöbəsi əməkdaşlarının 2006-cı il mayın 23-də keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ağsu şəhər sakinləri Qafur Kərimovun və əvvəllər məhkum olunmuş Cahangir Kərimovun 2003-cü il iyunun 24-də Ağsu şəhər sakini Vazeh Babaşovu odlu silahla qətlə yetirmələri, sonradan meyiti hissələrə bölməklə ayrı-ayrı yerlərdə basdırmaları müəyyən edilmişdir.
Cinayəti törətmiş şəxslərdən Qafur Kərimov tutularaq istintaqa təhvil verilmiş, Cahangir Kərimovun tutulması yönündə isə tədbirlər davam etdirilir.
2006-cı il iyunun 8-də Xırdalan qəsəbəsində baş vermiş, cəmiyyətdə ictimai rezonans doğuran daha bir ağır cinayətin açılması da təmin edilmişdir. Həmin gün Rüstəmovlar ailəsinin yaşadığı mənzilə basqın edən naməlum şəxs tərəfindən mənzildə olan üç azyaşlı uşağa bıçaqla ağır bədən xəsarətləri yetirməklə onların öldürülməsinə cəhd göstərilmişdir. “İsti izlər”lə keçirilən əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri nəticəsində bu ağır cinayəti törədən şəxsin Abşeron rayon sakini Rəşad Tağıyev olması müəyyən edilərək tutulmuş və barəsində həbs qətimkan tədbiri seçilmişdir.
Qeyd olunmalıdır ki, 1998-ci ilin oktyabr ayında Balakən rayon sakini Abbas Qurbanovun, 2002-ci il mayın 15-də Abşeron rayon sakini Ələsgər Zeynalovun, 2005-ci il oktyabrın 1-də Balakən rayonunun Qoçəhməd kənd sakini Məhəmməd Aşiqovun öldürülməsi və digər faktlar üzrə aparılan əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri nəticəsində, aradan xeyli müddət keçməsinə baxmayaraq, həmin cinayətləri törədən şəxslər də müəyyən edilərək məsuliyyətə cəlb olunmuşlar.
Göstərilən müddət ərzində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı fəal mübarizənin aparılmasına da xüsusi diqqət yetirilərək 1300-ə yaxın cinayət faktı aşkar edilmişdir.
Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının yüksək peşəkarlıqla həyata keçirdiyi xüsusi əməliyyatla Cəlilabad rayon sakini Müslüm Mustafayev, satış məqsədi ilə əldə etdiyi külli miqdarda narkotik vasitələri, o cümlədən 202 qram heroini, 1 kiloqrama yaxın həşişi və təxminən 1,3 kiloqram tiryəki satarkən cinayət başında yaxalanmışdır.
Cari il iyunun 1-də Astara rayon sakini Nadir Ələkbərovun satış
məqsədi ilə Bakı-Sankt-Peterburq sərnişin qatarı ilə külli miqdarda narkotik vasitəni aparması barədə daxil olmuş məlumat üzrə Nəqliyyatda Baş Polis İdarəsi tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində qatarın kupelərindən birində gizlədilmiş 11 kiloqramdan artıq həşiş aşkar edilərək götürülmüşdür. N.Ələkbərov saxlanılmış və barəsində həbs qətimkan tədbiri seçilmişdir.
Baş Narkotiklərlə Mübarizə İdarəsinin regional şöbəsinə daxil olmuş məlumat əsasında isə külli miqdarda narkotik vasitənin satışı ilə bağlı daha bir fakt təsdiqini tapmışdır.
Keçirilmiş əməliyyatla 2006-cı il iyunun 26-da, Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş Ağarəşid Əliyev 7 kq marixuananı satarkən tutulmuşdur. Onun mənzilinə baxış zamanı əlavə olaraq 3 kq marixuana aşkar edilmişdir. Bu sahədə ardıcıllıqla davam etdirilən əməliyyat tədbirləri ilə İran İslam Respublikasından qaçaqmalçılıq yolu ilə gətirilmiş 3,7 kiloqrama yaxın heroin də götürülmüşdür. Fakt üzrə İmişli rayon sakini İbrahim Şükürov, Beyləqan rayon sakini Elşad Baxşəliyev və İran İslam Respublikasının vətəndaşı Mollai Şəhruz tutulmuşlar.
Yuxarıda göstərilən cinayətlərin digər iştirakçılarının və götürülən narkotik vasitələrin mənbəyinin müəyyən edilməsi istiqamətində tədbirlər davam etdirilir.
Şəxsiyyətin azadlığı və ləyaqəti əleyhinə olan insan alveri cinayətlərinə qarşı mübarizə cari ildə də məqsədyönlü şəkildə aparılaraq 12 cınayət faktı aşkar edilmişdir. Bu cinayətlərə görə 26 nəfər məsuliyyətə cəlb olunmuş, cinayətlərin qurbanı olan 56 şəxs müəyyən edilmişdir.
Son vaxtlar keçirilmiş uğurlu əməliyyatlarla paytaxtda mənzil oğurluğu və qarətlə məşğul olan bir neçə çinayətkar qrup da zərərsizləşdirilmişdir.
Fevralın 9-da Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə, Baş Cinayət-Axtarış və Sabunçu Rayon Polis idarələrinin əməkdaşlarının birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə əvvəllər dəfələrlə məhkum olunmuş Gürcüstan vətəndaşları David Marikaşvili, David Berikişvili və David Xvadaqiani yaxalanmışlar. Onlardan cınayət yolu ilə əldə etdikləri 347 min avro, 685 ABŞ dolları, xeyli sayda qızıl-zinət əşyaları, habelə 10 qrama yaxın heroin götürülmüşdür. Cinayətkar dəstənin digər iştirakçılarının tutulması məqsədi ilə keçirilmiş xüsusi əməliyyatla Səbail rayonu ərazisindəki mənzillərdən birində müvəqqəti məskunlaşmış Dito Sadcaia, Qulbat Qotuşadze və Qoça Eradze yaxalanmış, onların üzərindən 9 qrama yaxın heroin tapılmışdır. Davam etdirilən əməliyyat-axtarış tədbirləri nəticəsində bu cinayətkar dəstənin başçısı, əvvəllər məhkum olunmuş, cinayətkar aləmdə “Boksyor” ləqəbi ilə tanınan Gürcüstan vətəndaşı Avtandil Xevqurmani də yaxalanmışdır.
Əvvəllər cınayət törədərək istintaqdan qaçıb gizlənənlərin axtarışı istiqamətində aparılan əməliyyat-axtarış tədbirləri də uğurlu olmuşdur. 2001-2003-cü illər ərzində Zaqatala-Balakən rayonları ərazisində xüsusilə agır cinayətlər törətmiş Hacı Maqomedovun başçılıq etdiyi silahlı cinayətkar dəstənin fəal üzvlərindən olan Mehti Emirşanov, Məhəmməd Qurbanov Rusiya Federasiyasının, habelə cəzaçəkmə yerindən qaçmış Maqsud Mahmudov Qazaxıstan Respublikasının ərasizində tutularaq istintaq orqanlarına təhvil verilmişlər.
Azərbaycan Respublikası Prezidentinin cinayətkarlığa qarşı mübarizənın gücləndirilməsi, asayişin, qanunçuluğun, insanların hüquq və azadlıqlarının etibarlı qorunması sahəsində ölkənin hüquq mühafizə orqanlarının qarşısında qoyduğu tələb və vəzifələrin yerinə yetirilməsi yönümündə görülən işlər, həyata keçirilən müvafiq əməliyyat-axtarış hərəkətləri və istintaq tədbirləri davam etdirilir.