DAXİLİ İŞLƏR NAZİRLİYİNDƏ GÖRÜŞ
Nazir qonaqlara DİN-in strukturu, fəaliyyət istiqamətləri və ölkədəki kriminogen durum barədə məlumat vermişdir.
General-polkovnik Ramil Usubov ötən əsrin 90-cı illərinin əvvəllərində bir tərəfdən torpaqlarımızın işğalı, bir milyona yaxın soydaşımızın doğma yurdlarından qaçqın və köçkün düşməsi, digər tərəfdən ölkənin idarəolunmaz vəziyyətə gətirilməsi nəticəsində vətəndaş müharibəsi və müstəqilliyini itirmək ərəfəsində olan Azərbaycanın yalnız ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə sabitlik, inkişaf yoluna çıxdığını, bu gün isə Prezident İlham Əliyevin yorulmaz səyləri ilə qüdrətlənən dövlətə çevrildiyini diqqətə çatdırmışdır. O, Azərbaycanın beynəlxalq birliyin üzvləri, o cümlədən Gürcüstan ilə mehriban qonşuluq şəraitində faydalı əməkdaşlıq etdiyini, əlaqələrin hüquq mühafizə, eləcə də daxili işlər orqanları arasında da yüksələn xətlə inkişaf etdiyini vurğulamışdır. Nazirin fikrincə, əməkdaşlıq imkanları çox genişdir və gələcəkdə bu imkanlardan həm beynəlxalq, həm də regional səviyyələrdə xalqlarımızın rifahı naminə daha səmərəli istifadə olunacaqdır.
Konstantin Kemulari iqtisadi inkişaf, əhalinin rifahı baxımından Azərbaycanın, həqiqətən, regionda lider dövlətə çevrildiyini, hər iki xalqın dostluq və qardaşlığından qaynaqlanan, dövlət qurumları, o cümlədən hüquq mühafizə orqanları arasında getdikcə dərinləşən əməkdaşlığın gözəl perspektivlərə malik olduğunu bildirmişdir.
Görüşdə tərəfləri maraqlandıran digər məsələlər barədə də fikir mübadiləsi aparılmışdır.