DAXİLİ İŞLƏR NAZİRLİYİNDƏ GÖRÜŞ
Nazir DİN-in funksiyası və fəaliyyət istiqamətləri, ölkədəki kriminogen vəziyyət, korrupsiya ilə mübarizə sahəsində görülən işlər barədə qonağa ətraflı məlumat vermişdir. Ramil Usubov demişdir ki, Azərbaycan polisi öz fəaliyyətini demokratik təsisatların möhkəmləndirilməsinə, insan hüquqları və azadlıqlarının qorunmasına söykənən prinsiplər əsasında qurur. Ölkəmiz bu sahədə 40-dan çox beynəlxalq konvensiyaya qoşulmuşdur.
Bildirilmişdir ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi bütün dövrlərdə korrupsiyaya qarşı mübarizə dövlətin əsas fəaliyyət istiqamətlərindən olmuşdur. “Cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsi tədbirləri haqqında” (1994-cü il) Fərmanla korrupsiyaya qarşı mübarizə sahəsində ölkənin strateji xəttinin əsasları müəyyənləşdirilmiş, 2000-ci ildə “Azərbaycan Respublikasında korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi haqqında” xüsusi Fərman imzalanmışdır.
2004-cü ildə Milli Məclis “Korrupsiyaya qarşı mübarizə haqqında” qanun qəbul etmiş, “Korrupsiyaya qarşı mübarizə üzrə Dövlət Proqramı (2004-2006-cı illər)” təsdiq olunmuşdur. Proqramın yerinə yeririlməsini təmin etmək məqsədi ilə Daxili İşlər Nazirliyində xüsusi tədbirlər planı hazırlanaraq təsdiqlənmişdir. Nazir bu plana uyğun olaraq görülmüş və görülməsi nəzərdə tutulan işlər barədə qonağa ətraflı məlumat vermişdir.
Miklos Marşal ətraflı məlumata görə təşəkkürünü bildirmiş, Azərbaycanın qısa zamanda çox sürətlə inkişaf etdiyini, regionda sabitliyin bərqərar olunduğu nümunəvi ölkəyə çevrildiyini, bölgədəki vəziyyətin xeyli dərəcədə ölkəmizin uğurlarından asılı olduğunu vurğulamışdır.