REGİONLAR
Dələduzluqla axtarışda olan şəxs Şirvanda narkotiklə saxlanılıb VİDEO
Şirvan, 2 aprel, Aydın Yavərzadə, AZƏRTAC
Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində üzərində qanunsuz olaraq narkotik vasitə saxlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Eldəniz Rzayev saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, şəxsin üzərinə keçirilən baxış zamanı heroin aşkarlanaraq götürülüb.
Faktla əlaqədar Şirvan ŞPŞ-də aparılan araşdırmalar zamanı E.Rzayev barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq - külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi açıldığı və hal-hazırda axtarışda olduğu da müəyyən edilib. Araşdırmalar davam etdirilir.