DEMOQRAFİYA VƏ ƏHALİ SAKİNLİYİ ÜZRƏ DÖVLƏT KOMİSSİYASININ İCLASI KEÇİRİLMİŞDİR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, əmək və əhalinin sosial müdafiəsi naziri, Dövlət Komissiyasının sədri Əli Nağıyev iclası açaraq, son 10 ildə əldə edilmiş nailiyyətlər, eləcə də ölkəmizin hər bir vətəndaşının gündəlik həyatında baş verən müsbət irəliləyişlərin görkəmli dövlət xadimi Heydər Əliyevin adı ilə bağlı olduğunu qeyd etmişdir. Bu illərin ölkəmizin tarixinə dövlət quruculuğu və sosial-iqtisadi inkişafın mühüm dövrü kimi daxil olduğunu deyən nazir, əhalinin sosial müdafiəsi sahəsində qanunvericilik bazasının inkişaf etdiyini, sağlamlıq, təhsil, məşğulluq, miqrasiya sahəsində bir sıra proqramların həyata keçirildiyini diqqətə çatdırmışdır.
Nazir, Dövlət Əlaqələndirmə Komissiyasının Azərbaycan Respublikası Prezidentinin 23 iyun 2003-cü il tarixli Sərəncamı ilə yaradıldığını bildirmiş, komissiyanın tərkibinə bir sıra dövlət qurumlarının mütəxəssisləri cəlb olunmaqla işçi qrupun yaradıldığını demişdir. İşçi qrupu “Azərbaycan Respublikasında demoqrafiya və əhali sakinliyinin inkişafı sahəsində Dövlət Proqramı”nın layihəsini hazırlamışdır.
Nazirliyin Məşğulluq Siyasəti və Demoqrafiya İdarəsinin rəisi Vahab Məmmədov məruzə ilə çıxış edərək, müzakirəyə çıxarılan layihənin respublikamızda mövcud demoqrafik vəziyyəti ilk dəfə kompleks şəkildə təhlil edən və dövlətin demoqrafiya siyasətinin həyata keçirilməsinə yönəldilmiş vacib sənəd olduğunu vurğulamışdır. O, layihənin demoqrafik siyasətin formalaşdırılması və həyata keçirilməsi sahəsində nəinki Azərbaycan Respublikasında, bütün MDB məkanında ilk konseptual sənəd olduğunu demişdir.
Natiq bildirmişdir ki, proqram layihəsi milli maraqlarımız əsas götürülməklə, 1994-cü ildə Qahirədə keçirilmiş əhali sakinliyinin inkişafı üzrə Beynəlxalq konfransın fəaliyyət proqramı və digər beynəlxalq hüquqi sənədlərin müddəaları nəzərə alınmaqla hazırlanmışdır.
Komissiyanın iclasında iştirak edən digər üzvləri çıxış edərək, hazırlanmış Proqram layihəsi ilə bağlı fikirlərini söyləmiş, təkliflər irəli sürmüşlər.