Dənli və texniki bitkilərin, meşələrin yanğın təhlükəsizliyinə dair maarifləndirmə tədbirləri aparılır
Bakı, 17 iyun, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti Ağdam Dövlət Aqrar İnkişaf Mərkəzində, Samux, Siyəzən və Qax rayonlarının icra hakimiyyətlərində, Şabran rayon Heydər Əliyev Mərkəzində, Şabran rayonunun Ağalıq və Göyçay rayonunun Potu kəndlərinin ərazilərindəki meşə sahələrində, Tovuz rayonunun ərazisindəki Cırdaxan meşəbəyliyində, Şəmkir rayonunun Qasımalılar kəndinin yaxınlığındakı Yastımeşə massivində, Şirvan, Hirkan, Şahdağ Milli parklarında, Sabirabad rayonunun ərazisindəki meşə və meşəətrafı zolaqlarda dənli və texniki bitkilərin, meşələrin və qoruqların yanğın təhlükəsizliyinə dair seminar-müşavirə və maarifləndirmə tədbirləri keçirib.
Bu barədə AZƏRTAC-a nazirliyin mətbuat xidmətindən məlumat verilib.
Tədbirlərdə qoruqlarla həmsərhəd sahələrdə dənli və texniki bitkilərin yığılması, daşınması, saxlanması və emalı dövründə yanğın hadisələrinin qarşısının alınması, eləcə də meşə və meşəətrafı ərazilərdə yanğın təhlükəsizliyinin təmin edilməsi, yüksək gərginlikli elektrik hava xətlərinin mühafizə zonalarında və ətraf sahələrdə yanğına qarşı qabaqlayıcı tədbirlər barədə iştirakçılara ətraflı məlumat verilib.
Toplantılarda yerli idarəetmə orqanları tərəfindən də əhali arasında həmin sahəyə dair maarifləndirmə işinin aparılmasının vacibliyi diqqətə çatdırılıb.
Tədbirlərdə mövzu ilə bağlı geniş müzakirələr aparılıb, zəruri tövsiyələr verilib, suallar cavablandırılıb.