Denq Dau Denq Malek: Cənubi Sudan Azərbaycan ilə münasibətlərin inkişaf etdirilməsində maraqlıdır
Bakı, 5 iyul, AZƏRTAC
İyulun 5-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Qoşulmama Hərəkatı Əlaqələndirici Bürosunun nazirlər görüşündə iştirak etmək üçün ölkəmizdə səfərdə olan Cənubi Sudanın xarici işlər və regional əməkdaşlıq naziri səlahiyyətlərini icra edən Denq Dau Denq Malek ilə görüşüb.
Xarici İşlər Nazirliyindən AZƏRTAC-a bildirilib ki, görüş zamanı iki ölkə arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq məsələsi müzakirə edilib. İkitərəfli əlaqələrin müxtəlif istiqamətlərdə, xüsusilə iqtisadi, enerji, ticarət və səhiyyə sahələrində inkişafı üçün potensial imkanların olduğu vurğulanıb.
Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyinin başa çatmaq ərəfəsində olduğunu qeyd edən nazir Ceyhun Bayramov sədrlik dövründə ölkəmizin Hərəkatın inkişafı naminə səyləri, onun təsisatlanması ilə bağlı bir sıra təşəbbüslərini diqqətə çatdırıb.
Nazir Cənubi Sudanın Qoşulmama Hərəkatına üzvlüyü istiqamətində prosedurların tamamlandığını vurğulayıb və yeni üzvlük münasibətilə qarşı tərəfi təbrik edib.
Cənubi Sudanın xarici işlər və regional əməkdaşlıq naziri səlahiyyətlərini icra edən Denq Dau Denq Malek QH-yə uğurlu sədrlik etməsi münasibətilə Azərbaycana minnətdarlığını ifadə edib. O, Azərbaycan ilə münasibətlərin inkişaf etdirilməsində ölkəsinin maraqlı olduğunu diqqətə çatdırıb.
Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.