REGİONLAR
Devrim Akgündüz: Naxçıvanda təhsilə çox böyük önəm verilir
Naxçıvan, 13 iyun, AZƏRTAC
Naxçıvanda təhsilə çox böyük önəm verilir. Bu bir faktdır ki, STEAM təhsili və tədrisi indi dünyada məşhur bir konsepsiyadır. Bu, ölkənizdə, eləcə də Naxçıvanda dövlət siyasəti kimi qəbul olunub. Mən bunu 2014-cü ildə Amerika Birləşmiş Ştatlarında da görmüşdüm.
Bu sözləri AZƏRTAC-ın Naxçıvan bürosuna müsahibəsində Türkiyə STEAM Təhsil Tətbiqi və Araşdırma Mərkəzinin direktoru, İstanbul Aydın Universitetinin professoru Devrim Akgündüz deyib. O bildirib ki, STEAM təhsilinin mərkəzi Amerikadır: “Biz orada bir çox universitetləri və STEAM ilə əlaqəli təhsil şöbələrini ziyarət etdik. Harvard, Kolumbiya və bu kimi tanınmış universitetlərdə STEAM şöbələri ilə yaxından tanış olduq. Elm mərkəzlərini və Amerikada yeni açılmış STEAM məktəblərini ziyarət etdikdən sonra Türkiyəyə qayıtdıq və Türkiyənin ilk STEAM Təhsil Tətbiqi və Araşdırma Mərkəzini və ilk STEAM laboratoriyasını yaratdıq. Məşhur bir ifadə var: “Gələcəyin liderliyi STEAM çərçivəsində tətbiq edəcəyimiz tədqiqatlara əsaslanır”. Buna görə də dünyanın bir çox lider dövlətlərində bir çox sahələrdə STEAM yanaşması tətbiq edilir”.
“Ümumiyyətlə, STEAM yanaşması bir dövlət siyasəti kimi dəyərləndirilsə, müəllimlər bu sahədə mütəxəssis kimi yetişdirilsə, şagirdlərin bu sahəni tətbiq edərək öyrənmələrinə şərait yaradılsa, o zaman gələcəyin lider ölkələri arasında biz də yer alarıq”, - deyən Devrim Akgündüz vurğulayıb ki, bu gün bu tətbiqə Naxçıvanda dövlət siyasətinin bir hissəsi kimi yanaşılması sevindirici haldır. Elə buna görə də ümidvarıq ki, bu sahədə Naxçıvan böyük uğurlar əldə edəcək. Naxçıvanda məktəblilərin bir-birindən maraqlı STEAM layihələri əsasında keçirilən “STEAM təhsil festivalı” bu sahədə gənc nəslin istedad və bacarıqlarının, intellektual potensialının təkmilləşməsində mühüm rol oynayır.