DƏYİŞƏN CƏDVƏLLƏ İŞLƏYƏN ADAMLARIN XƏRÇƏNGƏ YOLUXMASI EHTİMALI YÜKSƏKDİR
10 il müddətində davam edən müşahidələr göstərmişdir ki, dəyişən cədvəllə işləyən adamlarda prostat vəzi xərçəngi təkcə gündüz və gecə növbələrində işləyənlərlə müqayisədə 4 dəfə çox inkişaf edir. Bundan əlavə, belə iş rejimində döş və bağırsaq xərçənginin inkişaf riski də xeyli artır. Belə asılılığın səbəbi müəyyənləşdirilməmişdir, lakin tədqiqatçıların fikrincə, bu fəsadların əsasını xərçəng əleyhinə xüsusiyyətlərə malik “yuxu hormonu” melatonin sekresiyasının azalması təşkil edir. Melatonin sekresiyasının azalması zamanı prostat vəzi xərçənginin inkişafında mühüm rol oynayan cinsi hormanların məhsulu artır.
Buna baxmayaraq, Britaniya mütəxəssislərinin fikrincə, tədqiqatın nəticələrini birmənalı saymaq olmaz. Məsələn, “Cancer Research UK” xeyriyyə cəmiyyətinin əməkdaşı Henri Skoukroft Bi-Bi-Si-yə müsahibəsində demişdir: “Bu riskin başqa nə iləsə, məsələn, siqaret çəkmək, yaxud düzgün qidalanmamaq ilə bağlı olması da istisna deyildir”.
Prostat vəzi xərçəngi onkoloji xəstəliklər arasında ən geniş yayılmışdır. Hər il dünyada xərçəngin bu növünə təxminən 543 min adam tutulur.