Səhiyyə Nazirliyi “Diamed” özəl tibb müəssisəsinin fəaliyyətinin dayandırılması haqqında qərar vermişdir. Nazirliyin mətbuat xidmətindən
AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, İqtisadi İnkişaf Nazirliyinin nümayəndəsinin iştirakı ilə keçirilən yoxlama zamanı “Diamed”in Bakının Nizami rayonundakı və Mingəçevir şəhərindəki filialları müvafiq lisenziyalarsız fəaliyyət göstərdiyi məlum olmuşdur. Müəyyən edilmişdir ki, istifadəyə yararlı reaktivlərlə yanaşı saxlanılan bir çox laboratoriya reaktivlərinin vaxtı keçmişdir. Bakının akademik Həsən Əliyev adına küçəsindəki 101 nömrəli binada yerləşən klinikada iş gedə-gedə, dövlət sanitariya nəzarəti orqanlarının razılığı olmadan tikinti işləri aparılır, sanitariya-antiepidemiya rejiminə riayət edilmir.
Yoxlama zamanı aşkar olunmuşdur ki, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyinin klinikada istifadə edilən tibb avadanlığı barədə rəyi yoxdur. Bundan əlavə, yoxlama komissiyasının işinə əngəl törətmək cəhdləri edilmiş, istənilən sənədlər, o cümlədən tibb heyətinin ixtisasına dair sənədlər təqdim olunmamışdır.
Nazirliyin mətbuat xidmətindən bildirmişlər ki, klinikanın yenidən fəaliyyətə başlaması məsələsinə mövcud çatışmazlıqlar aradan qaldırıldıqdan sonra baxılacaqdır. Hazırda digər özəl tibb müəssisələrində də yoxlamalar aparılır.