“DİASPOR: İZAHLI SÖZLÜK VƏ MƏLUMAT KİTABI” ÇAPDAN ÇIXMIŞDIR
AZƏRTAC xəbər verir ki, Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə “Diaspor: izahlı sözlük və məlumat kitabı” çapdan çıxmışdır.
Dövlət Komitəsinin sədri Nazim İbrahimovun və AMEA-nın prezidenti, Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurası idarə heyətinin sədri Mahmud Kərimovun məsləhətçiliyi ilə hazırlanan kitabda diasporla bağlı önəmli olan söz və ifadələr, termin və anlayışlar əksini tapmışdır. Diaspora aid nəzəri və təcrübi məlumatlarla yanaşı lobbiçilik, miqrasiya və digər anlayışlarla bağlı geniş izahlar verilmişdir.
“Diaspor: izahlı sözlük və məlumat kitabı”nda xaricdəki diaspor təşkilatları, “Xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasəti haqqında” Qanun, Azərbaycan Respublikasının Dövlət Miqrasiya Proqramı (2006-2008-ci illər), mövzu ilə bağlı Azərbaycanda nəşr edilən kitabların adları, Azərbaycan diasporuna məxsus internet saytlarının unvanları, Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının tərkibi, Ginnesin “Rekordlar kitabı”na düşən soydaşlarımızın adları, müxtəlif xalqların diaspor təşkilatları, diaspor quruculuğu barədə nəzəri fikirlər, təcrübi işlər və digər məsələlər barədə məlumatlar da toplanmışdır.
Mənbə kimi Amerika Birləşmiş Ştatları, Böyük Britaniya, Rusiya, Fransa, Skandinaviya ölkələri, İsrail və başqa dövlətlərin kitabxanaları, internet saytlarından və ali məktəb dərsliklərindən istifadə olunmuşdur.
Kitabın müəllifi gənc tədqiqatçı Zaur Əliyevdir.