DİASPOR TƏŞKİLATI KANADA-AZƏRBAYCAN ƏLAQƏLƏRİNİN İNKİŞAFINA TÖHFƏ VERİR
Kanada-Azərbaycan Əməkdaşlıq Assosiasiyasının prezidenti İlham Axundov AZƏRTAC-a bildirmişdir ki, qurum Kanada Beynəlxalq İnkisaf Agentliyinin (CIDA) dəstəyi, Kanada Universitetləri və Kollecləri Assosiasiyasının rəhbərliyi ilə “Sabah üçün əməkdaşlıq” proqramı çərçivəsində Azərbaycan regionlarının səhiyyə və təhsil sisteminin inkisafına yardım layihəsini həyata keçirir.
İki hissədən ibarət bu layihənin birinci mərhələsi iyulun 19-dan 27-dək Azərbaycandan dəvət olunmuş nümayəndə heyətinin iştirakı ilə Kanadada reallaşdırılmışdır. Layihə çərçivəsində qarşılıqlı dialoq şəraitində keçən çoxsaylı görüşlər zamanı şimal ölkəsində regionların inkisafı təcrübəsi öyrənilmişdir.
Azərbaycanlı qonaqlar Kanada Federal dövlət qurumu - Regionların Əməkdaşlığı Təşkilatının rəhbərləri ilə görüşmüşlər. Görüşdə Kanada Kənd Təsərrüfatı və Yeyinti Məhsulları Nazirliyinin baş müşaviri Barri MakKormack, Regional İqtisadi İnkişaf Departamentinin meneceri Art Lavson və başqa rəsmi şəxslər iştirak etmişlər. Tədbirdə qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunmuş, ev sahiblərinə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə ətraflı məlumat verilmiş, problemin həllində ölkəmizin mövqeyi açıqlanmışdır.
Tərəflər bu ilin payızında kanadalıların layihənin ikinci mərhələsini həyata keçirmək üçün Azərbaycana səfərə gəlmələri, burada müvafiq dövlət qurumları ilə görüşüb ölkənin cənub bölgələrində Kanada təcrübəsini yaymaq, kiçik və orta biznes strukturlarının rəhbərləri üçün treninq təşkil etmək, onlara texniki yardım göstərmək barədə razılığa gəlmişlər.