Diaspor təşkilatları Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində fəaliyyətlərini daha da gücləndirəcəklər
Bakı, 11 iyul (AZƏRTAC). Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2012-ci il 6 iyul tarixli “Azərbaycanın diaspor təşkilatlarının fəaliyyətinin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında” Sərəncamı ilə diaspor təşkilatlarının fəaliyyətinin gücləndirilməsi üçün 2012-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Diasporla İş üzrə Dövlət Komitəsinə üç milyon manat vəsait ayrılmışdır.
Sərəncamda Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsindən sonra xaricdəki soydaşlarımızın təşkilatlanması, Azərbaycan icmalarının fəaliyyətinin əlaqələndirilməsi və onların digər diaspor təşkilatları ilə əməkdaşlığının dərinləşdirilməsi sahəsində mühüm addımlar atıldığı qeyd olunmuşdur.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirmişlər ki, bununla bağlı Azərbaycanın diaspor təşkilatlarından Komitəyə çoxsaylı məktub və müraciətlər daxil olmuşdur. Diaspor təşkilatları Prezident İlham Əliyevin Sərəncamını diaspor quruculuğu işinə dövlətin verdiyi önəmin daha bir təzahürü kimi qiymətləndirir, dövlətimizin başçısının bu diqqət və qayğısını yüksək dəyərləndirir və xalqımızın tarixi, müasir həyatı, ölkəmizdə gedən inkişaf prosesləri ilə bağlı məlumatların yayılması, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində fəaliyyətlərini daha da gücləndirəcəklərini bəyan edirlər.
Məktublarda, həmçinin vurğulanır ki, Prezidentin diaspor təşkilatlarına dərin etimadının ifadəsi olan bu Sərəncam milli-mədəni irsimizin beynəlxalq miqyasda daha təsirli şəkildə təbliğ olunması, soydaşlarımızın hüquq və azadlıqlarının müdafiəsi işinin təkmilləşdirilməsi, ictimai-siyasi fəallıq səviyyəsinin yüksəldilməsi, xarici ölkələrdə yaşayan azərbaycanlı gənclərin və ziyalıların bu prosesə daha fəal şəkildə cəlb olunması və Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında müasir informasiya texnologiyalarının tətbiqi təcrübəsinin genişləndirilməsinə əlavə stimul yaradacaqdır.
Diaspor təşkilatları müxtəlif konfransların, seminarların və sərgilərin keçirilməsini, eyni zamanda, xarici dövlətlərin parlament və hökumət təmsilçilərinin, ictimai xadimlərinin, jurnalistlərinin ölkəmizə səfərlərinin, eləcə də Azərbaycanın elm adamlarının, ictimai və mədəniyyət xadimlərinin, media nümayəndələrinin xarici ölkələrdəki tədbirlərdə iştirakının təşkili istiqamətində fəaliyyətlərini daha da gücləndirəcəklərini bəyan edirlər.
Müraciətlərdə, həmçinin vurğulanır ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2012-ci il 6 iyul tarixli Sərəncamı bu sahədə planlaşdırılan işlərin səmərəli formada həyaya keçirilməsinə şərait yaradacaq və Azərbaycan diasporu və lobbi quruculuğunun inkişaf perspektivini müəyyən edəcəkdir.