DİASPOR TƏŞKİLATLARI ULU ÖNDƏR HEYDƏR ƏLİYEVİN ANIM GÜNÜNÜ QEYD EDƏCƏKLƏR
AZƏRTAC xəbər verir ki, xarici ölkələrdə fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları ümummilli lider Heydər Əliyevin vəfatının 4-cü ildönümü ilə əlaqədar anma mərasimləri keçirəcəklər.
Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsindən bildirmişlər ki, dekabrın 12-də Londonda fəaliyyət göstərən “Caspian-Xəzri” Azərbaycan məktəbində, Çexiyanın Brno şəhərində Azərbaycan xalqının milli lideri Heydər Əliyevin anım günü qeyd olunacaqdır. Azərbaycanın Çexiyadakı səfirliyinin dəstəyi və “Çexiyada Təhsil Alan Azərbaycanlı Tələbələr Birliyinin” təşkil etdiyi tədbirə Brno şəhər rəsmiləri, universitet müəllimləri, tələbə və soydaşlarımız dəvət olunmuşlar. Azərbaycanlı tələbələr “Kojenski Ustav a detsky domov” uşaq evini ziyarətdən sonra Çexiyanın ilk prezidenti, filosof Tomaş Qariq Masarikin abidəsi önünə əklil qoymaqla Masarikin və Heydər Əliyevin əziz xatirəsini yad edəcəklər.
Tallində fəaliyyət göstərən “Aydan” Estoniya-Azərbaycan Dostluq Cəmiyyəti tərəfindən milli liderin xatirəsinə həsr olunmuş tədbir keçirməklə yanaşı, Heydər Əliyev haqqında hazırlanmış film və fotosərgi nümayiş etdiriləcəkdir. Estoniyadakı Akademik Z.Əliyeva adına Şərq Mədəniyyəti İnstitutu ulu öndərin fəaliyyətinə həsr olunmuş konfrans keçirəcəkdir.
Litva Azərbaycanlıları Cəmiyyətinin və “Günəş” cəmiyyətinin üzvləri dahi şəxsiyyətin xatirəsinə ehtiramlarını bildirəcəklər.
Azərbaycan səfirliyinin dəstəyi ilə Latviyada “Azəri-Vəhdət” cəmiyyəti və “Ocaq” Mədəniyyət Mərkəzi ulu öndərin xatirəsinə həsr olunmuş yığıncaqla bərabər, Heydər Əliyevin həyatının və fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən fotosərgi təşkil edəcəklər.
Niderland Krallığının Amsterdam şəhərində isə dekabrın 15-də “Ana Vətən” cəmiyyətinin illik hesabat konfransı və Heydər Əliyevin anım mərasimi keçiriləcəkdir. Tədbirdə cəmiyyətin üzvləri, bu ölkədə yaşayan soydaşlarımız və KİV nümayəndələri iştirak edəcəklər.