DİASPORLA İŞ ÜZRƏ DÖVLƏT KOMİTƏSİNİN YARADILMASININ 8 İLİ TAMAM OLUR
Bakı, 5 iyul (AZƏRTAC). Azərbaycan dövlətinin diaspor siyasətini həyata keçirən dövlət qurumunun yaradılmasının 8 ili tamam olur. Bu qurum ulu öndər Heydər Əliyevin “Xarici ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin yaradılması haqqında” 2002-ci il 5 iyul tarixli Fərmanı ilə xarici ölkələrdə yaşayan azərbaycanlılarla əlaqələrin genişləndirilməsi və inkişaf etdirilməsi məqsədi ilə yaradılmışdır. 2008-ci il noyabrın 19-da isə Prezident İlham Əliyev Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin əsasında Diasporla İş üzrə Dövlət Komitəsinin yaradılması haqqında Fərman imzalamışdır.
Qeyd edək ki, xaricdə yaşayan azərbaycanlılarla iş sahəsində dövlət siyasətinin əsasları 2002-ci il dekabrın 27-də qəbul edilmiş “Xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunur. Bu Qanun Azərbaycan diasporunun inkişafına dövlət qayğısının daha da artırılması, bu sahədə ciddi nailiyyətlər əldə olunması məqsədi ilə vahid strategiyanın hazırlanması kimi mühüm məsələlərin həllinə imkan yaradan hüquqi prinsipləri müəyyənləşdirir.
Dövlət Komitəsinin fəaliyyət göstərdiyi 8 il ərzində xarici ölkələrdə yaşayan azərbaycanlıların təşkilatlanması, soydaşlarımız arasında milli-mənəvi dəyərlərin qorunub saxlanılması, həmvətənlərimizin hüquq və azadlıqlarının qorunması istiqamətində bir sıra mühüm tədbirlər həyata keçirilmişdir. Eyni zamanda, Dövlət Komitəsi Dünya Azərbaycanlılarının Xartiyasını hazırlamış və sənəd Dünya Azərbaycanlıları Əlaqələndirmə Şurasının 2008-ci il dekabrın 18-də Bakıda keçirilən iclasında qəbul edilmişdir.
Dünyanın əksər ölkəsində 370-dək Azərbaycan icması fəaliyyət göstərir və diasporumuzun təşkilatlanma prosesi bu gün də davam edir.