DİFFAMASİYA MƏSƏLƏLƏRİNƏ HƏSR OLUNMUŞ DƏYİRMİ MASA KEÇİRİLMİŞDİR
Dövlət və qanunvericilik orqanları, qeyri-hökumət təşkilatları, kütləvi informasiya vasitələri nümayəndələrinin, hüquqşünasların iştirak etdikləri tədbirdə diffamasiya sahəsində hüquqi standartlar, Azərbaycanın bu sahədə yeni qanunvericiliyinin necə olması məsələləri müzakirə edilmişdir.
Prezidentin İcra Aparatı ictimai-siyasi məsələlər şöbəsi müdirinin müavini Ərəstun Mehdiyev dəyirmi masada çıxış edərək müstəqillik illərində Azərbaycanda KİV-in yeri və rolu, onların inkişafını şərtləndirən amillər barədə danışmışdır.
Dəyirmi masada qeyd edildi ki, KİV-in fəaliyyəti ilə bağlı məsələlər cəmiyyətdə həmişə aktual olmuş, müxtəlif müzakirələrin mövzusuna çevrilmişdir.
Azərbaycanda mətbuatın mürəkkəb, eyni zamanda dinamik inkişaf yolu keçdiyi, söz və mətbuat azadlığı istiqamətində dövlətin atdığı addımlar, o cümlədən 1998-ci ildə senzuranın ləğv edildiyi, mətbuatla bağlı digər qərar və sərəncamların qəbul olunduğu xatırlandı, əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş bu diqqət və qayğının indi də davam etdirildiyi vurğulandı. “Kütləvi informasiya vasitələri haqqında” Qanun, ona olunmuş əlavə və dəyişikliklər, mətbuat orqanlarının qeydiyyatının sadələşdirilməsi haqqında ətraflı söz açıldı.
Bildirildi ki, hazırda ölkəmizdə 2560 qəzet və jurnal, 29 informasiya agentliyi, 6 ümumrespublika, 12 regional telekanal fəaliyyət göstərir.
Tədbirdə mətbuatla bağlı qanunvericilik bazasının təkmilləşdirilməsi istiqamətində atılan addımlardan da danışıldı, dəyirmi masa iştirakçılarının müzakirəsinə çıxarılan məsələnin mahiyyəti açıqlandı. Vurğulandı ki, ortaya çıxan ictimai əhəmiyyətli hər bir ideya müzakirə obyekti ola bilər və bu zaman həmin ideyanın kütləvi informasiya vasitələrinin inkişafında rolu, KİV-lərin peşəkarlığına, mənəvi-psixoloji duruma təsiri ətraflı araşdırılmalıdır. Bildirildi ki, təqdim olunan layihə dövlət orqanları, qeyri-hökumət təşkilatları, ekspert və mütəxəssislər tərəfindən müzakirə olunarkən daha da təkmilləşdiriləcək, gələcək inkişafımıza xidmət edən sənəd şəklinə düşəcəkdir.
ATƏT-in Bakı ofisinin nümayəndəsi xanım İnqrid Qossinger, Milli Məclisin deputatı Qənirə Paşayeva və digər natiqlərin çıxışlarında Azərbaycanın mətbuatla bağlı mövcud qanunvericiliyi Avropa standartları ilə müqayisəli təhlil olundu, hazırlanacaq yeni qanun layihəsinin ətraflı müzakirəsinin zəruriliyi qeyd edildi.
Məlumat verildi ki, müzakirələr zamanı səslənən təklifləri ümumiləşdirəcək müvafiq işçi qrupu yaradılmışdır. Təxminən avqustun sonlarına həmin təkliflər nəzərə alınmaqla yeni qanun layihəsinin ilkin variantı hazırlanacaq və ATƏT-in və Azərbaycan Hökuməti nümayəndələrinin iştirakı ilə daha geniş tərkibdə müzakirə olunacaqdır.