Dillər Universitetinin Konfutsi İnstitutu tələbə qəbuluna başlayır
Bakı, 10 mart, AZƏRTAC
Azərbaycan Dillər Universitetinin (ADU) Konfutsi İnstitutunun Azərbaycan Memarlıq və İnşaat Universitetindəki filialında - Çin Dili və Çin Memarlığı Tarixi Tədris Mərkəzində ənənəvi Çin çay mərasimi keçirilib.
ADU-dan AZƏRTAC-a bildirilib ki, Konfutsi İnstitutunun müəllimləri çayın hazırlanması prosesinin mədəni konsepsiyası, Çin çay növlərinin təsnifatı barədə söz açıblar. Həmçinin Çin xəttatlığı və Çin möhürlərinin oyma sənəti üzrə ustad dərsi təşkil olunub.
Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov qeyd edib ki, Mərkəzin əsas vəzifələri Çin dilinin tədrisi, Çin memarlığının tarixinə dair mühazirələr oxunması, tələbələri Çinin memarlıq dekoru, saray və bağ memarlığı ilə tanış etmək, həmçinin Azərbaycan Memarlıq və İnşaat Universiteti və ADU-nun Konfutsi İnstitutunun tərəfdaşı olan Xuçjou Universiteti və Çinin aparıcı ixtisaslaşdırılmış universitetləri arasında elm və təhsil əlaqələrini inkişaf etdirməkdən ibarətdir. Bu il də Mərkəz Çin dili və incəsənət kursları üçün ikinci dəfə tələbə qəbulu aparır.