ELM VƏ TƏHSİL
DİM-in ödənişsiz onlayn sınaq imtahanlarına qeydiyyat 100 mini ötüb
Bakı, 22 may, AZƏRTAC
Dövlət İmtahan Mərkəzi (DİM) koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması ilə bağlı ölkədə tətbiq edilən xüsusi karantin rejimini nəzərə alaraq abituriyent və buraxılış sinfi şagirdlərinə dəstək məqsədilə otk.az portalında 9 və 11-ci sinif şagirdləri üçün yerləşdirilmiş bütün buraxılış və qəbul imtahanlarını (Azərbaycan və rus bölməsi), dövlət qulluğu və rezidenturaya qəbul sınaq imtahanlarını 2020-ci il iyul ayınadək ödənişsiz edib.
DİM-dən AZƏRTAC-a bildirilib ki, martın 29-dan etibarən portalda aktiv edilmiş 40-dan artıq ödənişsiz imtahan növü üzrə 34 min 585 istifadəçi tərəfindən 100 min 708 yazılış qeydə alınıb (bəzi istifadəçilər bir neçə imtahana yazılıb).
Xatırladaq ki, portalda 4-cü sinifdən başlayaraq fənlər və siniflər üzrə məktəb dərsliklərində keçilən mövzuların da mənimsənilmə səviyyəsini yoxlamaq üçün onlayn sınaq imtahanları vermək mümkündür.
Fənlər və siniflər üzrə sınaq imtahanlarına yazılmaqla siz seçdiyiniz sinif və fənnin mündəricatında olan hər bir mövzu üzrə biliklərinizi ayrı-ayrılıqda yoxlaya bilərsiniz. Hər mövzu üzrə 10 test tapşırığı təqdim olunur. Bundan əlavə, siz həmin sinif üzrə 5 qiymətləndirmə sınağından da istifadə edə biləcəksiniz. Yazıldığınız imtahan fənni üzrə sınaq testləri kabinetinizin sol küncündə “Yazıldığım xidmətlər” bölməsində bir il müddətində aktiv olur. Bu vaxt ərzində siz test tapşırıqlarına, öz cavablarınıza və tapşırıqların düzgün cavablarına baxa bilərsiniz.
Portalda qeydiyyatdan keçmək və imtahanlara yazılmaq qaydaları ilə “otk.az”da “Təlimatlar” bölməsində tanış ola bilərsiniz.