DİM rəhbəri: Müəllimlik ixtisasını seçən abituriyentlər daha çox bölgələri təmsil edirlər
Bakı, 15 dekabr, AZƏRTAC
Müəllimlik ixtisasını seçən abituriyentlər daha çox bölgələri təmsil edirlər.
AZƏRTAC xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Azərbaycan Müəllimlərinin XVI Qurultayında çıxışı zamanı deyib.
O bildirib ki, araşdırmanın nəticələri tam şəkildə hər fənn üzrə ayrılıqda Elm və Təhsil Nazirliyinə təqdim olunacaq, eyni zamanda, “Abituriyent” jurnalının 12-ci sayında dərc olunacaq və DİM-in internet saytında yerləşdiriləcək.
“Hər il olduğu kimi, bu il də ayrı-ayrı şəhər və rayonların, məktəblərin məzunlarının imtahan nəticələri müvafiq regional təhsil idarələrinə təqdim olunacaq. Təhsil sahəsində islahatlar aparılarkən statistik təhlil mütləq nəzərə alınmalıdır. Yalnız bu yolla biz hansı istiqamətdə getdiyimizi, qoyduğumuz hədəflərə nə dərəcədə yaxın olduğumuzu müəyyən edə bilərik”, - deyə Məleykə Abbaszadə qeyd edib.