DİM xüsusi hazırlıq keçmiş taksi sürücüləri üçün növbəti imtahan keçirəcək
Bakı, 24 oktyabr, AZƏRTAC
Oktyabrın 27-də Dövlət İmtahan Mərkəzi (DİM) xüsusi hazırlıq keçmiş taksi minik avtomobili sürücüləri üçün növbəti dəfə imtahan keçirəcək. Həmin gün beynəlxalq sərnişin və yük daşımaları fəaliyyətinin operatorunun məsul şəxslərinin hazırlıq səviyyəsinin qiymətləndirilməsi məqsədilə də imtahanlar təşkil olunacaq. İmtahanlarda iştirak etmək üçün ümumilikdə 1398 nəfər qeydiyyatdan keçib.
DİM-dən AZƏRTAC-a bildirilib ki, xüsusi hazırlıq keçmiş taksi minik avtomobili sürücüləri üçün imtahan Dövlət İmtahan Mərkəzinin elektron imtahanlar korpusunda (Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov) və DİM-in Gəncə regional bölməsində, beynəlxalq sərnişin və yük daşımaları fəaliyyətinin operatorunun məsul şəxslərinin xüsusi hazırlığının nəticələrinin qiymətləndirilməsi məqsədilə imtahanlar isə DİM-in elektron imtahanlar korpusunda keçiriləcək.
İmtahan iştirakçıları imtahanı yekunlaşdırdıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda nəticələrlə tanış olmaq imkanına malik olacaqlar. Nəticələr, həmçinin növbəti gün DİM-in saytına yerləşdiriləcək.
Namizədlər imtahana buraxılış vərəqəsini DİM-in saytından çap edə bilərlər. İştirakçılar imtahana buraxılış vərəqəsində göstərilən vaxtda imtahan binasının qarşısında olmalıdırlar.
İmtahana gələrkən namizədlər imtahana buraxılış vərəqəsi və şəxsiyyət vəsiqəsinin əslini mütləq təqdim etməlidirlər. Göstərilən sənədlərdən biri olmadıqda və ya onlar arasında uyğunsuzluq olduqda namizəd imtahana buraxılmayacaq.
Bir saat davam edəcək imtahan zamanı taksi minik avtomobili sürücülərinə xüsusi hazırlığın proqramını əhatə edən, etik davranış və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ-hüquqi aktlara dair 20 test tapşırığı, beynəlxalq sərnişin və yük daşımaları fəaliyyətinin operatorunun məsul şəxslərinə isə peşəkarlıq səriştəsinə dair 25 test tapşırığı təqdim ediləcək. Hər tapşırığın düzgün cavabı 1 balla qiymətləndirilir. Səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir. 10 və daha çox bal toplamış taksi minik avtomobili sürücüləri, 15 və daha çox bal toplamış beynəlxalq yük daşımalarını həyata keçirən sürücülər imtahanı müvəffəqiyyətlə vermiş sayılırlar və onlara müvafiq şəhadətnamələr təqdim edilir.
“Yaddaş kitabçası” DİM-in saytında yerləşdirilib.