“Dini-etnik ekstremizm ocağı: Erməni kilsəsi və ermənilik” – yeni nəşr
Bakı, 19 sentyabr, AZƏRTAC
AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun fəxri professoru, siyasi elmlər üzrə fəlsəfə doktoru dosent Zaur Əliyevin Azərbaycan və ingilis dillərində “Dini-etnik ekstremizm ocağı: Erməni kilsəsi və ermənilik” kitabı nəşr edilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, “Xocalı Soyqırımını Tanıtma” İctimai Birliyinin “Ermənistan dövlətinin terror siyasəti” layihəsi çərçivəsində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi və AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun Elmi şurasının qərarı ilə çap olunan kitab Azərbaycanın suverenliyi uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsinə ithaf edilib.
Kitab nadir arxiv sənədləri, əlyazmalar, dünya alimlərinin əsərləri və erməni müəlliflərinin etirafları ilə zəngindir. Nəşrdə istinad olunan mənbələrlə sübut edilir ki, ermənilərin bəşəriyyətə, insanlığa qarşı cinayət hadisəsi törətməsində ən böyük iştirak edənlər ermənilərin “din xadimləri” olublar. Onlar öz məqsədlərini həyata keçirmək kilsələrdən, məbədlərdən istifadə ediblər. Kitabda qeyd edilən zəngin mənbələr təsdiq edir ki, erməni kilsəsi bir tərəfdən erməniləri dünyaya məzlum görkəmdə tanıtmağa səy göstərir, digər tərəfdən başqa dövlətlərə qarşı ərazi iddialarının irəli sürülməsinin, türk-müsəlman əhalisinə qarşı qanlı terror aktlarının həyata keçirilməsinin təşəbbüskarı kimi çıxış edir. Erməniçiliyin faşizmi təbliğ edən tezisləri də erməni katolikosları tərəfindən hazırlanır. Erməni kilsəsinin Azərbaycana və Türkiyəyə qarşı dini-etnik ekstremizmi təşkil etməsinə, terrorizmə maddi və mənəvi dəstək verməsinə dair saysız-hesabsız faktlar mövcuddur. Erməni katolikoslarının dini-etnik şovinizmi təbliğ etməsi regionda sülhün və sabitliyin təmin edilməsinə həmişə mane olub.
Yeni nəşrdə ilk xristianların ermənilər olmadığı, onların tarixi yalanları, tezisləri və saxta tarixçiləri ciddi mənbələr ilə ifşa edilir və sübut edilir ki, ermənilərin dünyaya yaydıqları tarixi məlumatlar uydurma və istinadı olmayan tezislərdir.
Geniş oxucu kütləsi və erməni tarixini araşdıran tədqiqatçılar üçün nəzərdə tutulmuş kitab dünya kitabxanaları və universitetləri, elm mərkəzləri və siyasi xadimlərinə təqdim ediləcək.