DİNİ QURUMLARLA İŞ ÜZRƏ DÖVLƏT KOMİTƏSİNDƏ GÖRÜŞ KEÇİRİLMİŞDİR
Görüşdə DQİDK-nın sədri Rafiq Əliyev Dövlət Komitəsi ilə Diyanət İşləri Başqanlığı arasındakı mövcud əlaqələrin səviyyəsindən məmnunluğunu vurğulamışdır. Əməkdaşlığı daha da inkişaf etdirməyin vacibliyini diqqətə çatdıran sədr Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin fəaliyyəti barədə qonağa ətraflı məlumat vermiş, dini maarifləndirmə sahəsində görülən işlərdən, bu sahədə çap olunmuş kitablardan və ilk nömrəsi işıq üzü görən “Dövlət və Din” jurnalından bəhs etmişdir. Dini maarifləndirmə və dinin orta məktəblərdə tədrisi ilə bağlı qonağın suallarını cavablandıran Komitə sədri bildirmişdir ki, rəhbərlik etdiyi qurum dinin orta məktəblərdə ayrıca fənn kimi tədris olunmasının tərəfdarıdır və “Dini etiqad azadlığı haqqında” Qanunda bu müddəa öz əksini tapmışdır. Türkiyə Diyanət İşləri başqanı Əli Bardakoğlunun salamlarını Rafiq Əliyevə çatdıran qonaq Azərbaycanda din sahəsində xeyli iş görüldüyünü bildirərək, bu məsələdə Komitənin fəaliyyətini təqdir etmişdir. Azərbaycanda dini tolerantlığın yüksək səviyyədə olduğunu vurğulayan M.Ş.Aydın əlavə etmişdir ki, Azərbaycanda bu sahədə heç vaxt problem olmamışdır və gələcəkdə də belə bir problemin ortaya çıxması ehtimalı azdır.
Qonaq Türkiyədə çap edilmiş bir sıra dini ədəbiyyatın Azərbaycan dilinə uyğunlaşdırılaraq, burada çap olunması üçün birgə əməkdaşlıq təklif etmişdir.
Görüşdə komitə sədrinin müavini Elçin Əsgərov və Türkiyənin ölkəmizdəki səfirliyinin din işləri üzrə müşaviri Mustafa Kutlu iştirak etmişlər.