“DİPLOMATİYA VƏ HÜQUQ” JURNALININ NATO-YA HƏSROLUNMUŞ DAHA BİR NÖMRƏSİ ÇAPDAN ÇIXMIŞDIR
İnstitutun direktoru, siyasi elmlər doktoru Rövşən Mustafayev Azərbaycan-NATO münasibətlərinin formalaşmasından və mövcud vəziyyətindən söz açmışdır.
Jurnalın baş redaktoru, Avrasiya Hüquqşünaslar Assosiasiyasının prezidenti Nadir Adilov məlumat verərək bildirmişdir ki, assosiasiyanın təşəbbüsü ilə jurnalın ilk nömrələri NATO-ya həsr olunur. Səbəb çox sadədir. Məsələ burasındadır ki, Azərbaycan 1994-cü ildən NATO-nun “Sülh naminə tərəfdaşlıq” Proqramına qoşulmuş və həmin qurumla münasibətlərin əsası qoyulmuşdur. Hazırda ikitərəfli münasibətlərin fərdi tərəfdaşlıq adlı yeni mərhələsi başlanır. Bununla belə, ictimaiyyətdə NATO barədə kifayət qədər məlumat yoxdur. Yeni münasibətlər sistemində NATO-nun geniş kütlələr tərəfindən düzgün anlaşılması, ona müvafiq yanaşmanın formalaşdırılması mühüm vəzifədir. Doğrudur, təhlükəsizlik problemləri ilə məşğul olan mütəxəssislər, elmi işçilər, jurnalistlər NATO-nun Baş Qərargahında olmuşlar, regionda NATO-nun öyrənilməsi ilə bağlı yay məktəbləri, konfranslar, təlimlər keçirilir. Lakin bütün bunlar azdır. Ona görə də jurnalın daha dörd nömrəsini Şimali Atlantika Alyansına həsr edəcəyik. Məqsədimiz Azərbaycanın təhlükəsizlik problemləri ilə məşğul olan elmi dairələrinə, siyasət adamlarına, eləcə də mütəxəssislərə müvafiq məsələləri müzakirə edə biləcəkləri şəraiti yaratmaqdır.
Baş redaktor nəşrin araya-ərsəyə gəlməsində əməyi olmuş şəxslərə və qurumlara təşəkkür etmişdir.
Ədliyyə Nazirliyi yanında Hüquq Tədris Mərkəzi direktoru əvəzi İlham Abbasov, Konstitusiya Məhkəməsinin şöbə müdiri Dürdanə Məmmədova, Ombudsman aparatı hüquqi maarifləndirmə sektorunun baş məsləhətçisi Zaur Əliyev, İnsan Hüquqları İnstitutu direktorunun müavini Rauf Qarayev, və başqaları nəşr barədə fikirlərini söyləmiş, irad və təkliflərini bildirmişlər.