Diş sağlamlığı üçün şəkərli qidalardan uzaq durmaq kifayətdirmi?
Bakı, 25 oktyabr, AZƏRTAC
Tədqiqatlar göstərir ki, diş əti sağlamlığı ürək xəstəliyindən şəkərli diabetə, həmçinin Altsheymerə qədər bir çox xəstəliklə bağlıdır.
AZƏRTAC BBC-yə istinadla xəbər verir ki, diyetoloq Anna Qrum diş sağlamlığı üçün C və D vitaminlərinin, kalsium və fosforun əhəmiyyətinə diqqət yönəldib: “C vitamini kollagenin sintezində və dolayısı ilə sağlam toxumaların qorunmasında rol oynayır. Lakin C vitamini çatışmazlığı diş ətinin qanamasına gətirib çıxarır. D vitamini bədəndə kifayət qədər kalsium saxlamağa kömək edərək dişləri qoruyur. Fosfor da kalsiumla birlikdə təsir göstərir. C vitamini çatışmazlığı az rast gəlinən haldır, lakin pomidor, bibər, brokoli və hətta kartofda bu vitamin bol olur. D vitamini yağlı balıq, yumurta və ət məhsullarında da mövcuddur”.
Britaniya Milli Sağlamlıq Xidmətlərinin mütəxəssisləri xüsusilə payız və qış aylarında əlavə olaraq D vitamini qəbul etməyi məsləhət görürlər. Süd məhsulları, brokoli, portağal və s. kalsium mənbələri arasında yer alır. Fosfor ət, yumurta, fındıq, süd məhsulları və tam taxıllı qidalarda boldur. Aprel ayında aparılmış kiçik bir tədqiqatda pəhrizin diş sağlamlığına təsiri araşdırılıb. Daha az ət və emal olunmuş karbohidrat istehlak edərək omeqa-3, yağ turşuları, antioksidantlar, bitki nitratları, liflər, C və D vitaminləri ilə zəngin pəhriz saxlayanlarda diş əti iltihabının və qanaxmanın azaldığı müşahidə edilib. Lakin bu, 30 nəfərdən ibarət kiçik qrup üzrə sınaq idi və qəti nəticələr üçün daha çox araşdırmaya ehtiyac var.
Qazlı içkilər və şəkərli qidalar dişlərin ən böyük düşmənidir. Ancaq ağız sağlamlığına zərər verən başqa qidalar da var - limonlu qaynar su diş minasını aşındırır; quru meyvələr, çipslər dişlərə yapışır; bəzi meyvə çaylarında şəkərin miqdarı çox yüksək ola bilər; qazlı suyu yeməklə birlikdə qəbul etmək tövsiyə olunur; fermentasiya edilmiş qidalar turşu xüsusiyyətlərinə görə aşındırıcıdır.
Şəkərsiz saqqız çeynəmək və ya bir tikə pendir də faydalı ola bilər. Qəlyanaltılarla diqqətli olmaq vacibdir. Hər dəfə şəkərli və ya nişastalı qidalar qəbul etdikdə ağzımızın pH səviyyəsi azalır. Çünki şəkərlə qidalanan bakteriyalar turşu ifraz edir. Əgər hər yarım saatdan bir qəlyanaltı ediriksə, bu o deməkdir ki, ağzımızın turşu mühitində boşluq riski artır.
Britaniya Diş Həkimləri Assosiasiyasının professoru Damien Valmsley xəbərdarlıq edir: “Əgər daim qəlyanaltı ediriksə, dişlərimizdə tez bir zamanda çürüklər əmələ gətirəcək. Təəssüf ki, meyvələr də eyni təsirə malikdir. Mütəxəssislər gün ərzində təbii şəkəri yüksək olan meyvələrin yeyilməsinin də kariyes riskini artırdığını söyləyirlər. Qəlyanaltıların sayını gündə iki və ya üç ilə məhdudlaşdırmağı, yemək vaxtı şəkərli və ya turşulu içkilər qəbul etməyi tövsiyə edirlər. Yemək zamanı qidanı çeynəmək tüpürcək ifrazını artırır. Bu da zərərli turşuları və qida hissəciklərini çıxarır, turşunun neytrallaşmasına kömək edir, dişləri çürümədən qoruyur. Mütəxəssislər xatırladırlar ki, düzgün qidalanma ilə yanaşı, dişlərin müntəzəm fırçalanması, diş sapları və dişlərin təmizlənməsi vacibdir”.