Dmitri Savelyev: “Azərbaycan rusiyalı turistlər üçün ideal ölkədir”
Bakı, 13 noyabr, AZƏRTAC
Azərbaycan rusiyalı turistlər üçün ideal ölkədir. O, maraqlı, sürətlə inkişaf edən infrastruktura malik və Rusiyaya münasibətdə çox səmimi ölkədir, bu isə heç də az əhəmiyyət kəsb etmir. Burada dil baryeri yoxdur, iqlim şəraiti, təbiətin müxtəlifliyi, rahatlıq və təhlükəsizlik səviyyəsi isə ən yüksək tələblərə cavab verir.
AZƏRTAC Pravda.ru saytına istinadla xəbər verir ki, bu sözləri Rusiya-Azərbaycan Parlamentlərarası Dostluq qrupunun rəhbəri Dmitri Savelyev söyləyib. O bildirib ki, çimərlik istirahətinin ən çox tələbat olan istiqaməti kimi Misir rusiyalı turistlər üçün bağlanıb.
Deputatın fikrincə, turizm operatorları yeni məkanları mənimsəməlidirlər. O deyib: “Əlbəttə, daxili istiqamətləri, ilk növbədə Krımı və Krasnodar diyarını nəzərdən keçirmək lazım gələcək. Turizmə tələbat bu sahəyə sərmayə qoyulmasına marağı artıracaq. Bu, Rusiya üçün çox əlverişlidir. İkincisi, MDB ölkələrinə, ilk növbədə Azərbaycana gələn turistlərin sayı artacaq. Hazırda bu istiqamətin çox böyük potensialı var”.
Məqalədə daha sonra qeyd edilir ki, son illərdə Azərbaycanda turizm həqiqətən yüksəliş mərhələsindədir. Bu ölkədə keçirilmiş Birinci Avropa oyunlarından sonra əla nəqliyyat, mehmanxana və rekreasiya infrastrukturu qalıb, qitə olimpiadasını müşayiət edən informasiya kampaniyası isə turistlərin məlumatlandırılmasına çox kömək edib. Rusiya-Azərbaycan Dostluq Mərkəzinin direktoru Nataliya Krasovskayanın fikrincə, bu sahəyə sərmayə qoyulması davam etsə, orta seqmentə aid otellər şəbəkəsi inkişaf etdirilsə və bu barədə məlumatlandırma lazımı səviyyədə olsa, Azərbaycan bir sıra populyar turizm istiqamətləri üçün ciddi rəqib ola bilər.
Xəzərin rekreasiya baxımından mənimsənilməsi üzrə Rusiya ilə birgə aparılan işlər də buna kömək edə bilər. Hazırda belə layihələrdən biri Rosturizm tərəfindən müzakirə edilir. Rusiyanın regionları ilə əməkdaşlıq da işin xeyrinə olar. Bu il sentyabr ayında Yekaterinburqda keçirilmiş VI Rusiya-Azərbaycan Regionlararası Forumunda Azərbaycan ilə Ural arasında turizm əlaqələrinin inkişafı məsələsi əsas müzakirə mövzularından biri olub. Azərbaycan Turizm Assosiasiyası ilə Sverdlovsk vilayətinin Turizmin İnkişafı Mərkəzi arasında əməkdaşlıq sazişi imzalanıb. Tərəflər press-tur mübadiləsi barədə razılığa gəliblər. Bu, hər iki ölkənin jurnalistlərinin həm Rusiyada, həm də Azərbaycanda turizm infrastrukturunun bütün müsbət cəhətlərini görməsinə və təsvir etməsinə şərait yaradar. Bu həm də iki ölkə arasında turizm mübadiləsinin ilbəil stabil artmasına şərait yaradacaq.