Dnepropetrovsk vilayətinin azərbaycanlı gəncləri xeyriyyə aksiyası keçirmişlər
Bakı, 21 aprel (AZƏRTAC). Dnepropetrovsk vilayətinin Azərbaycanlı Gənclər İttifaqı qanvermə xeyriyyə aksiyası keçirmişdir.
Gənclər İttifaqından AZƏRTAC-a verilən məlumata görə, bu aksiya onkoloji xəstələrə kömək məqsədilə təşkil edilmişdir. Aksiya nəticəsində toplanmış donor qanı Dnepropetrovsk Vilayət Uşaq Klinik Xəstəxanasının onkoloji şöbəsinə təhvil veriləcəkdir.
Aksiya Dnepropetrovsk vilayətinin Azərbaycanlı Gənclər İttifaqının sədri Elza Bəkirovanın təşəbbüsü ilə keçirilmişdir. Mütəxəssislərin fikrincə, onkoloji xəstəliklərdən əziyyət çəkən yüzlərlə uşağa donor qanı lazımdır. Onlara bütün qruplara aid, müsbət və mənfi rezus-faktorlu qan tələb olunur. Bir xəstənin həyatını xilas etmək üçün orta hesabla iki-üç donorun qanı lazımdır.
Azərbaycanlı Gənclər İttifaqı gələcəkdə də bu cür tədbirlər keçirməyi planlaşdırır.