Doha Beynəlxalq Kitab Sərgisinin müdiri Azərbaycan Milli Kitabxanasının fonduna kitab hədiyyə edib
Bakı, 4 oktyabr, AZƏRTAC
XI Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində Bakı Ekspo Mərkəzində Doha Beynəlxalq Kitab Sərgisinin müdiri Jassim Əhməd Əl-Buainain Azərbaycan Milli Kitabxanasının direktoru professor Kərim Tahirovla görüşüb.
Milli Kitabxanadan AZƏRTAC-a bildirilib ki, Jassim Əhməd Əl-Buainain Beynəlxalq Kitab Sərgisinin təşkilindən və Qətər mədəniyyətinin bu sərgidə yüksək səviyyədə təmsil olunduğundan məmnunluğunu vurğulayıb.
O, sərgi üçün xüsusi olaraq hazırlanan, ərəb dilindən Azərbaycan dilinə tərcümə olunan Qətər mədəniyyətini əks etdirən dəyərli kitabları Milli Kitabxanaya hədiyyə edib.
Milli Kitabxananın direktoru Kərim Tahirov iki qardaş ölkə arasında mədəni əlaqələrin inkişafının genişləndiyini vurğulayıb, bu sahədə kitabxanaların rolunu, beynəlxalq kitab sərgilərində və müxtəlif tədbirlərdə iştirakını qeyd edib. K.Tahirov Azərbaycana dair kitabları və Milli Kitabxananın fotoalbomunu qonağa hədiyyə edib.